Ombudsman erkən nigahlara “müharibə” elan etdi –

18 yaşına çatmayanlarla cinsi əlaqəni cinayət saymağı, qanunun ləğvini tələb edir
22 Aprel 2020 - 12:03

Ombudsman erkən evlilik hallarının aradan qaldırılması məqsədilə təkliflərlə çıxış edib. 

Azpost.info APA-ya istinadən bildirir ki, təklif parlamentin aprelin 24-də keçiriləcək plenar iclasının gündəliyində salınmış Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə məruzəsində yer alıb.

Məruzədə qeyd edilib ki, Cinayət Məcəlləsinin 152-ci maddəsində “on altı yaşına” sözlərinin “on səkkiz yaşına” sözləri ilə əvəz edilməsi məqsədəuyğun olar. Bununla, on səkkiz yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə cəzalar müəyyənləşdirilməlidir.

Məruzədə bildirilir ki, erkən evliliyin və bunun nəticəsi olan erkən hamiləliyin, habelə qeyri-rəsmi nikahların qarşısının alınması qadın hüquqlarının təmin edilməsi istiqamətində ciddi problem olaraq qalmaqdadır. Ombudsman hesab edir ki, istər fizioloji, istərsə də psixoloji cəhətdən ana olmağa hazır olmayan azyaşlı qızlar təhsildən kənarda qalmaqla öz hüquqlarını müdafiə etmək, fiziki və əqli potensialını gerçəkləşdirmək imkanını itirirlər.

Ombudsman erkən evlilik hallarının aradan qaldırılması məqsədi ilə Cinayət Məcəlləsinə və Ailə Məcəlləsinə müvafiq dəyişiklik olunmasını təklif edib. Hazırda Cinayət Məcəlləsinə əsasən (152-ci maddə), 16 altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni zamanda həmin cinayətlərə görə məsuliyyət göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.

Ombudsman Cinayət Məcəlləsində 16 yaşın 18 yaşla əvəzlənməsini təklif edir. Bununla, eyni zamanda 16 yaşına deyil, 18 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmənin üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması təklif olunur. O cümlədən göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda cinayət məsuliyyətinin yaranması barədə müddəanın ləğvi zəruri sayılır. Başqa sözlə, Ombudsman bu əməli törətmiş şəxslə zərərçəkmiş şəxs arasında yaş fərqinin cinayət məsuliyyətinin yaranmasının qarşısını almasını düzgün hesab etmir.

Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla belə, Ailə Məcəlləsinin 10.2-ci maddəsinə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Ombudsman Ailə Məcəlləsinin 10.2-ci maddəsinin də ləğv edilməsini təklif edib. Ombudsman heç bir halda nikah yaşının 1 il azaldılmasına (17 yaşa) yol verilməməsinin tərəfdarıdır.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, nikah yaşının bərabərləşdirilməsi ilə bağlı Ombudsmanın bundan əvvəl də dəfələrlə təklifləri olub: “Burada məqsəd erkən nikahların qarşısının alınması, qadınların hüquqlarının müdafiəsidir. Ombudsmanın hesabatında yer alan təklifin digər əsas məqsədi bizim tərəfdar çıxdığımız beynəlxalq sənədlərdə, xüsusilə Uşaq Hüquqları Konvensiyasında 18 yaşına qədər insanların uşaq sayılmasıdır. Biz məsələyə yalnız bu prizmalardan baxırıq. Hüququn aliliyi məsələsi adət-ənənədən hər zaman üstün tutulmalıdır və bu məsələyə yanaşmada biz bunu əsas götürmüşük. Bu təklifimiz hüququn aliliyinin təmin olunmasına yönəlib”.