Ombudsman Füzulidə baş vermiş mina hadisəsi ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Füzuli rayonunun Aşağı Veysəlli kəndində tank əleyhinə minanın partlaması nəticəsində bir mülki şəxsin həlak olması, birinin isə yaralanması ilə bağlı məlumat yayıb.

Ombudsman Aparatından verilən xəbərə görə, məlumatda deyilir:

“Təəssüf ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin bitməsindən ötən 3 ilə yaxın müddətdə minaya düşərək həlak olan və ya xəsarət alan şəxslərin sayı 330-u keçib və onlar arasında mülki şəxslər üstünlük təşkil edir.

Mina terrorunu davam etdirən Ermənistanın iştirakçısı olduğu beynəlxalq sənədlərə əsasən üzərinə düşən öhdəliklərə və bununla bağlı tərəfimizdən edilən davamlı çağırışlara laqeyd münasibət göstərməsi, dəqiq mina koordinatlarını ölkəmizə təqdim etməməsi insanların həyatına qəsd xarakteri daşıyır. Məhz bu səbəbdən minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsinə daha çox resurs və uzun zaman sərf olunur, yenidənqurma və qayıdış prosesi ləngiyir, eyni zamanda işarələnməmiş minalar çoxsaylı insanların həyatını itirməsinə səbəb olur.

Bütün bunları nəzərə alaraq, insanların həyat və sağlamlığının müdafiəsi naminə aidiyyəti beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ölkəmizin məruz qaldığı bu ciddi problemlə bağlı qəti mövqe nümayiş etdirməyə çağırıram”.

 

Əvvəlki məqalə

“Gənc nəsil MDB-dəki problemlərin öhdəsindən gələ bilməyəcək”

Sonrakı məqalə

HƏMAS Tel-Əvivdəki Ben-Qurion hava limanına hava zərbələri endirib