Polis əməkdaşlarının əsas fəaliyyət sahələrindən biri də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir və onlar bu sahədə qarşı intensiv və ardıcıl əməliyyat tədbirləri aparırlar.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəisi, polis kapitanı Nəcəf Aydınoğlu AZƏRTAC-a müsahibə verib.
Azpost.info müsahibəni təqdim edir:
-Ötən il ərzində 8 min 632 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 16-sı azyaşlı, 239-u isə qadınlardan ibarətdir. 8 min 632 şəxsdən 4 ton 847 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. Bundan başqa, son dövrlərdə narkotacirlər narkotik vasitələrin onlayn satışı üsulundan istifadə edirlər. Həmin üsulla 1 ton 400 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Onlar öz çirkin əməllərini həyata keçirmək üçün mütəşəkkil dəstə halında fəaliyyət göstərirlər. Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 352 nəfərdən ibarət olan 159 mütəşəkkil dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib. Bu ilin üç ayı ərzində 1 ton 400 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb, 1 300 şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, bu ilin üç ayı ərzində saxlanılanların arasında bir nəfər də azyaşlı yoxdur.
Bəzi ictimai fəallar narkotik vasitələrin ölkəmizdə yayılmasının səbəbini guya onun Azərbaycanda istehsalı və qiymətinin ucuzluğu ilə əlaqələndirirlər. Ancaq bu, qətiyyən qəbul edilən arqument deyil. Narkotacirlər təkcə ölkəmizdə deyil, bütün dünyada narkotik vasitələrin yayılma arealını genişləndirmək üçün qiyməti süni şəkildə aşağı salır və onun dəyərini ucuzlaşdırırlar. Lakin bu sahədə qiymətlərin ucuzlaşmasının və ya artmasının narkotik istifadəçilərinin sayının çoxalmasına və əlçatanlığa təsiri azdır. Narkotik vasitədən istifadə edənlər onun aludəçisinə çevrildiyindən bütün məqbul üsullardan, hətta cinayət törətməkdən də çəkinmirlər. Yeri gəlmişkən onu da vurğulamaq istəyirəm ki, ölkəmizdə narkotik istehsalı ilə bağlı bir sıra şübhə doğuran məqamlar Daxili İşlər Nazirliyi, Baş Narkotiklərlə Mübarizə İdarəsi və digər hüquq mühafizə orqanları ilə birgə yoxlanılıb və bununla bağlı hər hansı fakt aşkarlanmayıb.
-Azərbaycana ən çox hansı ölkədən və hansı yollarla narkotik vasitələr gətirilir?
-Ölkəmizə narkotik vasitələr daha çox qaçaqmalçılıq yolu ilə cənub sərhədlərindən, əsasən İran İslam Respublikasından keçirilir. Narkotik vasitələr gömrük və sərhəd nəzarətindən yayınaraq və müəyyən coğrafi relyeflərdən istifadə edilməklə ölkəmizə gətirilir. Yeri gəlmişkən ötən il baş verən bir hadisəni xatırlamaq istəyirəm. Polis orqanlarına Xəzər dənizi vasitəsilə ölkəmizə külli miqdarda narkotik vasitənin gətirilməsi ilə bağlı məlumat daxil olmuşdu. Üç aydan çox davam edən xüsusi əməliyyat tədbirləri nəticəsində İrandan qaçaq yolla katerlərdə görüşərək narkotik vasitələri Xəzər sahillərinə gətirən şəxslər müəyyənləşdirildi. Aparılan əməliyyat tədbirləri nəticəsində Sumqayıtda “Yaşma bağları” adlanan ərazisində onları yaxaladıq. İndiyədək Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ən yüksək çəkidə -187 kiloqram narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarıldı.
Dövriyyədən çıxarılan narkotik vasitələrin əldə edilmə yolları da hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Məsələn, Azərbaycan vətəndaşlarının mobil telefonlarında İran vətəndaşları ilə danışıqlar apardıqları aşkarlandığı halda həmin mobil operator nömrələri polis əməkdaşları tərəfindən müəyyən olunur. Qonşu ölkədə narkotacirliklə məşğul olanların şəxsiyyətinin müəyyənləşdirilməsi və onların cinayət məsuliyyətinə cəlb edilməsi sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində mühüm işlər aparılır. Qonşu ölkədə narkotiklərin qanunsuz dövriyyəsi ilk növbədə maddi maraqla bağlıdır. Narkotik vasitələrin ölkəmizə göndərilməsinin səbəbi Azərbaycan vasitəsilə özləri üçün potensial narkokuryer bazası formalaşdırmaqdır. Həm də məqsəd ölkəmizdən tranzit zona kimi istifadə edərək Avropa dövlətlərinə narkotik vasitələr çatdırılmasıdır.
-Bəs ölkəmizdə narkotik vasitələrdən istifadə və satışı halları daha çox hansı şəhər və rayonlarda müşahidə edilir?
-Ölkə ərazisində narkotik vasitələrin istifadə və satışı halları ilə ən çox paytaxtda və xüsusilə də Suraxanı və Yasamal rayonlarında rast gəlinir. Statistikaya görə bölgələr arasında isə narkotik istifadəçiləri daha çox Lənkəran və Gəncə şəhərlərində olduğu müəyyən edilib. Təəssüf ki, ötən ilki statistikaya görə, narkotik vasitələrin satış və dövriyyəsinin təşkil edildiyi rayonlar sırasına Beyləqan rayonu da daxil olub. Bu, həmin bölgədən istifadə olunaraq tranzit və qaçaq yolla respublikaya narkotik vasitələrin gətirilməsi ilə bağlıdır. Bakıda isə tranzit məqsədlə daha çox Qaradağ rayonundan istifadə edilir. Həmin rayonlarda əməliyyat şəraitinin nisbətən gərgin olduğuna görə polis əməkdaşlarının üzərinə çox böyük iş düşür. Həmçinin narkotik vasitələrin istifadəsi nəticəsində xəstəliyə tutulanların tibb müəssisələrinə yerləşdirilməsi və müalicəsi üçün ardıcıl tədbirlər görülür.
-Təəssüf ki, müxtəlif sosial şəbəkələrdə hətta narkotik vasitələri təbliğ edən mahnılarla da rastlaşırıq…
-Narkotiklə bağlı ictimaiyyətdə, mediada yayılan istənilən xəbər polis orqanları tərəfindən ən ciddi şəkildə yoxlanılır. Yutub, instaqram və feysbuk səhifələrində zərərli vərdişləri təbliğ edən və izləmə sayı hətta bir milyonu ötən belə mahnıları təbliğ edənlər barədə əməliyyat tədbirləri keçirilib. Araşdırma nəticəsində məlum olub ki, həmin mahnıların yaradıcıları özləri də narkotik vasitələrin istifadəçiləridir. Zərərli vərdişlərin təbliğinə həsr olunan mahnılar sosial şəbəkələrdən silinməsi və həmin mahnıları təbliğ edən ifaçılarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
Bundan başqa, müxtəlif sosial şəbəkələrdə bəzi kriminal ünsürləri təbliğ edən səhifələrlə də rastlaşırıq. Hətta son vaxtlar bir az “irəli gedərək” narkotik vasitələrin sosial şəbəkələr vasitəsilə onlayn şəkildə satışı həyata keçirilir. Belə səhifələrin bağlanılması, onları idarə edən narkoadminlərin ölkəmizdəki havadarlarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar da zəruri addımlar atılır. Tədqiqatlar göstərir ki, belə fəaliyyətlə məşğul olan narkoadminlərin əksəriyyəti xaricdədir. Xaricdə yaşadıqlarını müəyyən etdiyimiz təqdirdə həmin ölkənin hüququ-mühafizə orqanları ilə beynəlxalq əməkdaşlıq sayəsində onların həmin ölkədə saxlanılmasına və Azərbaycana gətirilməsinə nail oluruq. Azərbaycan vətəndaşı olmadığı təqdirdə isə yaşadıqları ölkədə həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə çalışırıq.
-Həmin mahnıları dinləyənlər arasında yeniyetmə və gənclər daha çox üstünlük təşkil edir…
-Narahatlığımızın əsas səbəbi narkotacirlərin bu sahəyə böyük maddi vəsait ayırmasıdır. Hətta onların texniki işçiləri və hakerləri olur. Narkotacirlər sosial şəbəkələrdə kriminal səhifələri izləyənlərə mesajlar göndərir, müəyyən təkliflər irəli sürür və müxtəlif yollarla şirnikləndirərək onları narkokuryerliyə cəlb etməyə çalışırlar.
Bununla yanaşı, sosial şəbəkələrdə bir sıra yalan məlumatlar yayılır. Narkotik vasitələrin tələbə və şagirdlər arasında “zehni gücləndirməsi”, gənclərə “müsbət enerji verməsi” və “emosiya yaratması” kimi yanlış fikirlər səsləndirilir. Həmçinin narkotik vasitələrin qadınlar arasında guya “arıqlatma” dərmanı adı altında satışına dair polis əməkdaşları tərəfindən bir sıra faktlar müəyyən olunub və bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Sosial şəbəkələrdə, ictimaiyyət arasında narkotik vasitənin təbliği ilə bağlı istənilən fəaliyyət polis əməkdaşları tərəfindən yoxlanılır və belə məlumatlara dərhal və çevik reaksiya verilir. Ona görə də vətəndaşlar yayılan və qətiyyən həqiqətə uyğun olmayan yanlış informasiyaların ardınca getməməli, sağlam düşüncə ilə hərəkət etməlidirlər. Ümumiyyətlə, sosial şəbəkələrdən istifadə edərkən də ayıq-sayıq olmaq, bu cür məntiqsiz çağırışlara uymamaq lazımdır.
-Son vaxtlar taksi sürücülərinin narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi ilə bağlı xəbərlərin sayı da artıb. Həmin halların qarşısının alınması üçün hansı tədbirlər görülür?
-Taksi sürücüləri nəqliyyat xidmətinin çox mühüm bir sahəsi ilə məşğul olur və sərnişinlər öz təhlükəsizlik və rahatlıqlarını onlara etibar edirlər. Lakin təəssüf ki, xidmətin bu sahəsində çalışanlar arasında öz məsuliyyətini dərk etmədən nəinki özünün, həmçinin başqalarının da həyatını təhlükə altında qoyan sürücülər var. Polis əməkdaşları, xüsusilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları öz vəzifə borclarını yerinə yetirərək narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərə qarşı qanunvericiliyin tələblərinə uğun olaraq zəruri tədbirlər görürlər. Həmkarlarımız tərəfindən “Uber” və “Bolt” şirkətlərinin taksi sürücülərinin saxlanılması zamanı onların arasında narkotik vasitənin təsiri altında sərnişin daşıma faktları aşkar edilib. Hətta polis əməkdaşlarına müqavimət göstərən sürücülər də olub. Həmin sürücülərin polisin göstərişinə tabe olmaması, hətta avtomobilin hərəkətini davam etdirərək sərnişinlərə, habelə digər vətəndaşlara və onların əmlakına zərər yetirməsi halları da aşkarlanıb. Araşdırmalar zamanı həmin sürücülərin cinayət əməllərini narkotik vasitələrin təsiri altında və anlaqsız vəziyyətdə törətməsi halları müəyyən olunub. Ümumiyyətlə, taksi sürücüləri bəzi hallarda kamuflyaj olunmaq, cinayət məsuliyyətindən yayınmaq üçün narkotiklərin dövriyyəsinə cəlb edilir, müxtəlif ünvanlara narkotiklər çatdırmaqla onların qanunsuz dövriyyəsi və satışı məşğul olurlar. Belə hallar aşkar edilən kimi həmin fəaliyyətlə məşğul olan taksi sürücüləri Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılır və cinayət məsuliyyətinə cəlb olunurlar. Sürücülər özləri narkotik vasitədən istifadə edərək onun təsiri altında avtomobil sürürlərsə, İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq həbs olunur, qanun qarşısında cavab verir, bir sıra hallarda isə sürücülük hüququndan məhrum edilirlər.