Oqtay Gülalıyev xəstəxanadan evə buraxılıb

17 Avqust 2021 - 17:31

Hüquq müdafiəçisi Oqtay Gülalıyev xəstəxanadan evə buraxılıb.

Bu barədə onun oğlu Əli Gülalıyev məlumat verib.

O deyib ki, atası artıq həyatı təhlükəni arxada qoyub: “Durumu müsbətə doğru irəliləyir. Dünən axşam evə köçürülüb. Müalicəsi ev şəraitində davam etdirilir”.

Əli Gülaliyev bildirib ki, atasına M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində yanlış dioqnoz qoyulub: “Atama yanlış diaqnoz qoyub ölümə tərk etmişdilər. Ancaq həkim dostumuz Gülşən Yunisovanın düzgün yönləndirməsi sayəsində edilən antibiotiklərin və sizlərin səy göstərməsi nəticəsində o yenidən aramızdadır. Bakıdakı Ege xəstəxanasına köçürüldükdən sonra da orada düzgün müayinə və müalicə edildi. Dünən axşam artıq evə köçürülüb və müalicəsi evdə davam etdirilir. Hər birinizə dəstəyiniz və dualarınız üçün ailəmiz adından təşəkkürümü bildirirəm”.

Ötən həftə hüquq müdafiəçisinin ailəsi açıqlama verərək bildirmişdi ki, Oqtay Gülaliyevin ağ ciyərlərində və qarın boşluğunda infeksiya yaranıb: “Əlləri və ayaqları şişib. Həkimlər dedi ki, Oqtaya fizioterapiya lazımdır”.

Avqustun 5-i M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təcili yerləşdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətinin ağır olduğu bildirilirdi.

“Təzyiqi qalxıb düşür, bədən temperaturu yüksəkdir, biz onu itirə bilərik”, – xəstənin həyat yoldaşı Firuzə Gülalıyeva belə deyirdi. Amma O.Gülalıyevin yaxınlarının daha sonra verdiyi məlumatda isə bildirilirdi ki, hüquq müdafiəçisi Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Kompleksinə, oradan da Bakıdakı Ege Hospitala aparılıb. Müalicəsi orada davam edəcək.