2019-cu ildə elm xərclərinə dövlət büdcəsindən 122,3 milyon manat vəsait yönəldilib. Bu məbləğ dövlət büdcəsi xərclərinin 0,5 faizidir.
Azpost.info bildirir ki, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib.
Hesabatda deyilir ki, 2019-cu ildə də təhsil sektoru üzrə xərclərin dinamik icrası təmin edilmiş, o cümlədən təhsil üzrə dövlət proqramlarının icrası, əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlərin maliyyə
təminatı, bir sıra təhsil infrastrukturlarının bərpası və yenidən qurulması, ümum təhsil müəssisələrinin şagirdlərinin dərsliklərlə pulsuz təmin olunması, təhsil sisteminin informasiyalaşdırılması, ilk dəfə olaraq sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı və digər təhsil tədbirlərinin maliyyələşdirilməsi təmin olunub.
Dövlətə saslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də (294,1 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 10,2 faizi həcmində (2018-ci illə müqayisədə 0,4 faiz-bənd çox) və ya 2489,8 milyon manat vəsait yönəldilib. Bu da 2018-ci illə müqayisədə 272,9 milyon manat və ya 12,3 faiz çoxdur.