“İş yerlərinin və məşğulluğun qorunması dövlətin diqqət mərkəzindədir, işçilərin hüquqları və sosial müdafiəsi təmin ediləcək”.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
M.Cabbarov işəgötürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə, sosial məsuliyyət prinsiplərinə sadiq qalmağa çağırıb: “Əks təqdirdə, hökumət həmin sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək”.
İqtisadiyyat naziri ölkənin gündəlik tələbat malları ilə təminatı sahəsində hər hansı çətinliyin olmadığını, hökumətin iri təchizatçılarla sıx şəkildə işlədiyini, ölkənin tələbatları üçün zəruri həcmdə ehtiyatların formalaşdırıldığını və daxili bazarın lazımi məhsullarla tam təmin edildiyini bir daha diqqətə çatdırıb.
“Mövcud şəraitdə koronavirus pandemiyasından ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üzərində intensiv iş aparılır”. -deyə Mikayıl Cabbarov bildirib. M.Cabbarov deyib ki, bu məqsədlə yaradılmış işçi qrup tərəfindən ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib: “Bunlar turizm, hotel, iaşə, əyləncə, nəqliyyat, ticarət mərkəzləri və s. sahələrdir. Dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir. Bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır”.
M.Cabbarov qeyd edib ki, işçi qrup biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək: “Eyni zamanda, işəgötürənlər də öz növbəsində mövcud şəraitdə icarədarlarla münasibətlərə yenidən baxmalı, imkan daxilində icarə haqlarının dondurulması və s. kimi məsələləri müzakirə etməlidirlər”.