Pandemiya zamanı Aşura –Ölkə dindarları mərasimi necə qeyd etdilər?

 Azərbaycanda böyük hüznlə qeyd edilən, Peyğəmbər nəvəsi Hüseynin və ailəsinin Kərbalada qətlinin kədərini simvolizə edən Aşura mərasimi bu il də pandemiyanın sərt məhdudiyyətləri çərçivəsində qeyd edildi.

İmam Hüseyn təziyəsi və Aşura mərasimləri Azərbaycanda tarixən həmişə öz izdihamı ilə seçilib.

Ölkəmiz artıq ikinci ildir ki, dünyanı sarmış koronavrus bəlasına qarşı mübarizə aparır. Cəmiyyətin sağlamlığı üçün vacib olan addımlar atılır, dövlət qurumları virusun yayılmaması üçün var-gücləri ilə çalışırlar. Böyük həkim qruplarının cəlb olunduğu xəstəxanalar bu mərəzə yoluxanların həyatı uğrunda ölüm-dirim mübarizəsi aparırlar.

Pandemiyanın gətirdiyi mənəvi-psixoloji ağırlıq, insanlarda emosional reaksiya böyük səbr istəyir, insanları sabaha ümidləndirən mesajları vacib edir. Belə şəraitdə kütləvi tədbirlərin, mərasimlərin keçirilməsi, idarə edilməsi üçün son dərəcə ölçülü-biçili addımlar atmaq mühüm olur.

QMİ açıqladığı tövsiyyəsində bu ilki Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərin karantin qaydalarına uyğun keçirilməsi haqqında Operativ Qərargahın qərarına riayət etməyə çağırmışdı.

Ölkə dindarları karantin tələblərini nəzərə alaraq Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı verdiyi tövsiyyələrə uyğun olaraq davrandılar.

Ötən 10 gün ərzində Azərbaycanın bütün məscidlərində bu qaydalara ciddi əməl edildi. Həssas məqamlarda inanclı adamların qadağalar altında mərasimlərdə koordinasıyası mürəkkəb məsələ hesab edilir. Kənar təsirləri, “yad” çağırışları önləmək, insanların vahid mövqeyini ortaya qoymaq baxımından QMİ-nin fəaliyyətini qənaətbəxş hesab etmək olar. Bu mərasim həmçinin dini cameənin Şeyxülislama, QMİ-yə etimadı baxımından əlamətdar oldu.

Aşura günlərində Allah evlərində Kərbala şəhidləri ilə bərabər Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, Qarabağ şəhidlərinin, 20 yanvar və Xocalı soqyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə insanlarımız öz  vəfa borclarını bir daha nümayiş etdirdilər.

Son illər Məhərrəmlik dönəmində tibbi ehtiyaclar üçün qanvermə kampaniyası ən yaddaqalan nümunəyə çevrilib. Məlum olduğu kimi hər il Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə Aşura günü qanvermə aksiyası keçirilir.

Xəstələrə, ehtiyacı olanlara qanvermə aksiyasına çevrilən bu nəcib təşəbbüs vətəndaşların ciddi dəstəyi ilə müşaiyət olunur. Nəticədə yığılan min litrlərlə qan ehtiyacı olan xəstələrin həyata qaytaran məlhəmə çevrilir.

Bu dəfə də minlərlə insan Bakıda, bölgələrdə Aşura günü ilə əlaqədar qanvermə aksiyalarına qatılaraq bu xeyirxahlıq və mərhəmət marafonunda iştirak etdi, ehtiyacı olanlara qan verdilər.

Şeyxülislamın böyük humanist aksiyaya çevrilən bu addımı ilə insanların İmam Hüseynə xatir ehsan kimi verdikləri qan ehtiyatı neçə-neçə xəstələrə yeni həyat bəxş edir.

QMİ sədri eyni zamanda qanvermə aksiyası ilə islam dünyasında xurafat elementi sayılan, Aşuraya heç bir aidiyyatı olmayan başyarma ənənəsini tarixin arxivinə atdı.

Qanvermə aksiyası tibbi baxımdan da əhəmiyyətlidir. Elm hələ də süni qan yarada bilməyib. Ağır travmalar, doğuşlar və digər ciddi qanitirmələr vaxtı təcili qanköçürməyə ehtiyac yaranır. İstifadə olunan qanın yeganə mənbəyi isə insandır.

Odur ki, bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artıb. Təhlükəsiz qan, onun komponentləri hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas edir.

Pandemiya zamanı cəmiyyət harmoniyanın saxlanması üçün mənəvi gücə ehtiyacı yaranır.

21-ci əsrdə bəşəriyyətin üzləşdiyi bu virus bəlasına qarşı mübarizədə ilk gündən fəal qoşulan Azərbaycanda insan sağlamlığının qorunması üçün iman kamilliyi də öz kömək əlini uzadır.

Pandemiya şəraitində keçirilən növbəti Aşura mərasimləri bu baxımdan sabit və qaydalara uyğun keçməsi ilə yadda qaldı.

Emin ABBASOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin ABŞ-ın Əfqanıstandakı fəaliyyətini qiymətləndirib

Sonrakı məqalə

“Kabil hava limanınına görə Azərbaycana minnətdarıq” –