Pandemiyadan Qələbəyədək…-QMİ 2020-ci ili necə başa vurdu?

2020-ci il bitir. Bu il dünya üçün çətin və iztirablı il oldu. İlin əvvəlindən ölkələri başına almış koronavirus ənənəvi həyat tərzini dəyişdi, ölkələrin sərhədlərini bağladı. Azərbaycan da bu baxımdan keçib getməkdə olan ilin bu çətinliklərini dəf etməli oldu.

İl ölkəmiz üçün nə qədər ağır olsa da, özünün uğur notları ilə başa vurur. Azərbaycanda 44 gün davam edən Vətən Müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi.

Ölkəmizin ictimai-siyasi müstəvisi Pandemiyanın çətinlikləri, karantin rejiminin məhdudiyyətləri, müharibənin gərgin günləri altında fəaliyyət göstərməli oldu. Bütün bu ağırlıqlara baxmayaraq bütün qurumlar cəmiyyət həyatında fəal iştirak etdilər.

2020-ci il Qafqaz Müsəlmanları İdarəsi üçün də mürəkkəb və çətinliyi ilə yadda qaldı. Azərbaycanlı din xadimləri pandemiyanın çətin şərtləri altında qalan cəmiyyətə mənəvi dəstək olmaqla yanaşı, eyni zamanda Vətən Müharibəsinin fəal iştirakçısına çevrildilər.

İlə ənənəvi əhvalla başlayan QMİ 30 ili tamam olan Bakı qırğınını, Yanvar şəhidlərini yad etdi. Şeyxülislam Allahşükür Paşazadə bununla bağlı verdiyi bəyantında bir daha 1990-cı ilin 20 yanvarında sovet ordusunun törətdiyi vəhşi hucumu lənətləndi. Həmin ay təhsil nazirinin əmri ilə təltif olunduğu “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı Şeyxulislama təqdim olundu.

Allahşükür Paşazadənin KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Direktorlar Şurasının XXI sessiyasında iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda səfəri də diqqətçəkən oldu. Səfər çərçivəsində Şeyxülislam Səudiyyə Ərəbistanı Krallığının rəsmiləri ilə bir sıra görüşlər  keçirdi.

Mart ayından etibarən Pandemiya ilə bağlı Azərbaycanda elan edilən karantin tədbirləri ölkənin ictimai həyatında ciddi korrektələr etdi. Dövlətin insanların sağlamlığının qorunması üçün tətbiq etdiyi tədbirlərə ictimai dəstək birmənalı oldu.

Elan edimiş Pandemiya ilə bağlı QMİ də bəyanat verdi. Bəyanatda deyilirdi ki, koronavirus infeksiyasının yayılması və fəsadlarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlara tapşırıq və tövsiyələr verilib.

QMİ-də koronavirusla bağlı keçirilən iclasda çıxış edən QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirdi ki, Azərbaycan dövləti virusun ölkə ərazisində yayılmaması üçün bütün səyləri göstərir və dini rəhbərlər də bu işdən kənarda qalmamalıdırlar. Dindarlarımız bu barədə həkimlərin tövsiyələrinə əməl etməlidirlər.

Pandemiya dövründə kütləvi iştirakla müşayiət olunan müqəddəs dini mərasimlərin necə keçiriləcəyi də ciddi müzakirə olunan məsələ oldu. Ramazan ayının gəlişi ilə bağlı verilən Bəyanatda QMİ vətəndaşları qeyd-şərtsiz mövcud xüsusi karantin rejiminin tələblərinə, həkim tövsiyələrinə əməl etməyə çağırdı. Şeyxulislam məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması barədə zəruri qərar verdiklərini xatırladaraq xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsini tövsiyə etdiklərini açıqladı.

May ayında QMİ sədrinin ABŞ prezidenti Trampa müraciəti ciddi rezonans doğurdu. Məktubda humanizm və bəşəri həmrəylik naminə İran xalqına qarşı sanksiyaların dayandırılmasına, pandemiya dövründə bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına, İran xalqının təcrid və böhrandan azad olmasına dair qərar vermək xahiş olunurdu.

Şeyxülislam A. Paşazadənin ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktuba ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Örl Litzenberqer rəsmi cavab verdi. Məktubda QMİ sədrinin məsələ ilə əlaqədar narahatlığını ifadə edən mövqeyi dəyərləndirilərək,  Birləşmiş Ştatlar tərəfindən bu narahatlığın bölüşüldüyü  bildirildi. Cavab məktubunda deylirdi ki, Prinsip olaraq sanksiya proqramlarımız İranla xoşniyyətli, humanitar sahə ilə bağlı ticarət, yardım və fəaliyyətləri hədəf almır və ya hansısa şəkildə məhdudlaşdırmır.

ABŞ-ın QMİ sədrinə cavab məktubu bölgədə Azərbaycanın dini müstəvidə nufuzunu göstərməklə yanaşı  Azərbaycanın dini rəhbərinin sülhpərvər vasitəçilik missiyasına qiyməti hesab etmək olar.  Bu həm də Şeyxin dünyada qazandığı nufuzunun bir daha təsdiqi kimi yaddaqalan oldu. Eyni zamanda Bakı Yerevanla isti əlaqələri daim müzakirə mövzusu olan Tehrana “çətin günün adamı” kimi müsəlman həmrəyliyini bir daha xatırlatdı.

May ayında Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının videokonfrans formatında keçirilən onlayn sessiyasında iclasında iştirak etdi. QMİ sədri videokonfrans iştirakçılarının xoş təəccübünə səbəb olan bir məlumatı açıqladı. Bildirdi ki, Ramazan ayının sabahkı günü Azərbaycandakı dini konfessiyaların başçıları həmrəylik nümayiş etdirərək oruc tutub İftar süfrəsinə təşrif buyuracaqlar. Mayın 15-də müqəddəs Ramazan ayı ilə əlaqədar dini konfessiyaların rəhbərləri həmrəylik nümayiş etdirərək oruc tutdular və birlikdə iftar açdılar.

QMİ sədri 28 may 2020-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı müstəvisində “Fəaliyyətə keçmək üçün qlobal çağırış” mövzusunda beynəlxalq video-konfransına qatıldı. Konfrans BMT Baş katibinin COVİD – 19 problemi ilə əlaqədar din xadimlərinin səfərbər olmaları haqqında 11 aprel tarixli çağırışı əsasında təşkil olunmuşdu.

İyul ayında Ermənistanın Tovuzla sərhəddə törətdiyi təxribatla bağlı yaranmış hərbi qarşıdurma ilə bağlı QMİ-nin bəyanatı münaqişə ilə bağlı mövqeyinin ifadəsi oldu. Bəyanatda Tovuz rayonu istiqamətində son günlərdə təxribatlar törədilməsi, atəşkəs rejiminin pozulması pisləndi.

Həmin günlərdə QMİ sədri şəhid olmuş qəhrəmanların məzarlarını ziyarət edərək onların əziz xatirəsinə ehtiramını ifadə etdi. 20 iyulda Masallı rayonunun Ərkivan qəsəbəsində, qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun mayoru Anar Novruzovun məzarını ziyarət olundu. Daha sonra Şeyxülislam bir qrup din xadimi ilə  qəhrəman Vətən oğullarının xatirəsini yad etmək məramı ilə II Fəxri Xiyabana gəldi.  Şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, habelə bu Xiyabanda uyuyan digər şəhidlərimiz – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və baş leytenant Fərid Əhmədovun məzarlarını ziyarət edən QMİ sədri, İdarənin rəsmiləri və  din xadimləri şəhidlərimizə Allahdan rəhmət dilədi, ruhları üçün dualar etdi.

Şeyxülislam general-mayor Polad Həşimovun doğulub boya-başa çatdığı Qəbələ rayonunun Vəndam kəndinə gedərək şəhidin ata ocağını ziyarət etdi. Şəhidlərin əziz xatirəsini müqəddəs Qurban bayramının Ərəfə günü anan Şeyx Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizi yad etdi, Tovuz rayonu ərazisində düşmən təxribatı zamanı şəhid olmuş 12 hərbçimizin xatirəsini anıb, Allahdan onlara rəhmət dilədi.

Məhərrəm ayının gəlişi ilə bağlı fətva verən QMİ bu karantin günlərində Aşura mərasimin qeyd olunması ilə bağlı yaranmış müəyyən narahatçılığı aradan qaldıraraq bu məsələdə dövlətin müəyyən etdiyi qaydalara əməl etməyə çağırdı.

Şeyxülislam bəyan etdi ki, QMİ Pandemiya dövrünə təsadüf edən Aşura günü ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələr nəzərə alınaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verib.

Şeyxülislamın təşəbbüsü ilə baş tutmuş qanvermə aksiyası uğurla həyata keçirildi.

Sentyabrın 27-də Azərbaycanda başlanmış Vətən Müharibəsi ilə bağlı QMİ ilk gündən ayaq üstə oldu. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqına müraciət edərək xalqımızın öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə qalxdığını bəyan etdi. “Azərbaycan xalqına müraciət edərək son günlər doğma torpaqlarımızın erməni işğalından azad olunması uğrunda haqq mücadiləmizdə qazandığımız zəfərlərə Uca Allahdan rəvac diləyirəm. Bu davamlı təcavüz Azərbaycan xalqının səbrini tükəndirib. Otuz ildən artıq müddətdir davam edən işğal və mənəvi təcavüz sona yetməlidir. Ədalət zəfər çalmalı, haqq öz yerini tutmalıdır. Bu gün işğalçı Ermənistanın davamlı təxribatına cavab olaraq Azərbaycan hərb meydanındadır. Bu meydan ədalətin yerini almasına xidmət edir”-deyə o bəyan etdi.

Mənfur düşmənin Gəncəyə raket hucumu ilə bağlı cinayətini pisləyən QMİ sədri həmin gün verdiyi beynəlxalq təşkilatların rəhbərlərinə, xarici ölkələrin hökümətlərinə və dünya dini liderlərinə müraciət etdi. Şeyxülislam dünya liderlərini BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymayan, hərbi cinayətlər törətməyə davam edən Ermənistanın təcavüzkar rejiminə qarşı öz prinsipial mövqelərini bildirməyə, Azərbaycanın haqq mövqeyini dəstəkləməyə çağırdı.

BMT-nin Baş katibinə ünvanladığı müraciətdə QMİ sədri beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar rejiminə qarşı müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılacağına ümid etdiyini yazırdı.

Oktyabrın 16-da Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandakı dini konfessiyalarla birgə Vətən Müharibəsi ilə bağlı bəyanat yaydı. Konfessiya başçıları dünya ictimaiyyətinə, dini liderlərə, dövlət rəhbərlərinə və beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli üçün səylərini əsirgəməməyə çağırdılar.

Həmin günlərdə İslam Əməkdaşlıq Təşkilatı, digər mötəbər qurumlar, dini liderlər A.Paşazdəyə yazdıqları məktublarda Azərbaycanın haqq işinin dəstəklədiklərini bəyan etdilər.

Oktyabr ayında Şeyxülislamın Türkiyəyə səfəri yaddaqalan oldu.

İstanbulda İbn Haldun Universitet Kompleksinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak etdilər. Açılış mərasiminə qatılan Şeyxülislam iştirakçılar önündə çıxış etdi. QMİ sədri bildirdi ki, Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı əbədidir və heç bir qüvvə illərin sınağından keçən bu iradə gücünü, türk qətiyyətini, milli vəhdəti sarsıda bilməz.

Səfər çərçivəsində İstanbul Böyükşəhər Müftiliyinin binasında yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirən QMİ sədri Azərbaycan üçün bu həssas dönəmdə qardaş Türkiyə Cümhuriyyətinin verdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirərək Rəcəb Tayyib Ərdoğan başda olmaqla hər kəsə minnətdarlığını çatdırdı.

İstanbulda Türkiyənin Diyanət İşləri Başqanı Ali Erbaşın təşəbbüsü keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dini liderlərinin videokonfrans formatında iclasına qatılan Allahşükür Paşazadə İƏT-ə üzv ölkələrin dini liderlərinə Qarabağdakı mövcud vəziyyətlə bağlı məlumat verib.

23 oktyabr 2020-ci il tarixində Şeyxülislam Allahşükür Paşazadə ilə BMT Baş Katibinin müavini, BMT Sivilizasiyalar alyansının Yüksək Nümayəndəsi Migel Anhel Moratinos arasında video konfrans formatında görüş baş tutdu.

Müharibənin ilk günündən onun siyasi nəticələrinə gedən yolu izləyən QMİ sədri Ermənistanın Azərbaycan Prezidentinin səsləndirdiyi sülh təkliflərindən imtinasını, əvəzində mülki əhalini atəşə tutmasını acı nəticələrini pisləyib.

QMİ sədrinin 27 oktyabrda verdiyi Bəyanatda Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə Moskvada və Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə keçirilmiş görüşlərdə müvəqqəti humanitar atəşkəs haqqında müvafiq razılaşmaların Ermənistan tərəfindən pozulmasına etiraz əks olunmuşdu.

ABŞ-ın nufuzlu  “Newsweek” nəşrində Şeyxülislam Allahşükür Paşazadə  eləcə də yəhudi və xristian dini liderləri – Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal və Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin “Qarabağın gələcəyi naminə etiqadların birliyi” adlı birgə məqaləsi böyük maraq doğurdu.

ABŞ jurnalında yazdıqları məqalədə müsəlman, yəhudi, xristian din xadimləri bəyan ediblər ki, Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmaya başqaları nə qədər dini don geyindirməyə çalışsa da, bu münaqişə heç bir dini mahiyyət daşımır və Azərbaycan “müsəlman işğalçısı” rolunu oynamır.

44 gündə erməni kilsəsinin münaqişəyə dini rəng vermək cəhdi ilk gündən fiaskoya uğradı. Katolikos 2-ci Qareginin Qarabağda hərbi əməliyyatları dünya ictimaiyyətinə “xristian erməni xalqına” olan hucum kimi təqdim etmək cəhdləri alınmadı. QMİ sədri Qareginin müraciəti ilə bağlı verdiyi bəyanatda erməni kilsəsini qızışdırıcı fəaliyyətdə ittiham edərək din xadiminin təcavüzə bəraət verməsini və xalqları qarşıdurmaya sövq etməsini pislədi.

Noyabrın 10-da Azərbaycan Qələbəni bayram edərkən Bakıda keçirilən mötəbər konfransa dünyanın dörd bir yanından qatılan nufuzlu din xadimlərin xeyir-duaları səslənirdi.

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn Beynəlxalq Konfransda Allahşükür Paşazadə Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı və Azərbaycan xalqını Qələbə münasibətilə təbrik etdi.

QMİ sədri Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmək, öz əzəli torpaqlarını erməni işğalından azad etmək uğrunda haqq mübarizəsinə verdikləri siyasi-mənəvi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, Türkiyə, İran, Pakistan və Əfqanıstanın dövlət rəhbərlərinə və xalqlarına, İslam aləminin tanınmış şəxsiyyətlərinə, nüfuzlu dini liderlərinə və ictimai xadimlərinə dəstək bəyanatlarına və həmrəylik məktublarına görə dərin minnətdarlığını bildirdi.

Konfransın qəbul etdiyi bəyanatda iştirakçılar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək ola biləcək hər hansı siyasi, mənəvi, iqtisadi, hərbi yardımlar göstərməməyə çağırdı.

Həmin günlərdə Azərbaycandakı dini konfessiyaların rəhbərləri Qarabağda erməni vandallar tərəfindən dağıdılan və zərər vurulan dini abidələrimizlə bağlı verdikləri birgə bəyanatında qeyd olunurdu ki, bu günlərdə öz ərazi bütövlüyünü bərpa etmək uğrunda 30 illik mücadilədən sonra Azərbaycanın üçrəngli dövlət bayrağının Qarabağ torpaqları üzərində yenidən dalğalanması çoxmillətli və çoxkonfessiyalı ölkəmizdə tarixi ədalət və istiqrarın qələbəsi anlamını verir.

Dekabrın 4-də Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi, vəhdət namazı qılındı.

Anım mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak etdi. QMİ sədri bəyan etdi ki, Azərbaycan xalqına bu Qələbəni bəxş edən Müzəffər Ali Baş Komandanımız, Ordumuz, şəhidlərimizdir.

44 günlük Vətən müharibəsində başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusu zəfər çalaraq tarixdə yeni səhifə açdı. Bu zəfərin əldə olunmasında QMİ üzərinə düşən vəzifələri, Vətənə xidmətini layiqincə yerinə yetirdi.

Emin ABBASOV

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Teymur Rəcəbov Levon Aronyanla heç-heçə oynayıb

Sonrakı məqalə

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub