Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüşüb.
AzPost bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüş zamanı tərəflər Ermənistan-Amerika münasibətlərinə dair məsələləri, eləcə də regional gündəliyi müzakirə ediblər.
Ermənistanın baş naziri Nikol Paşinyan və arvadı Anna Akopyan fevralın 3-dən 7-dək ABŞ-da işgüzar səfərdədir.
Xatırladaq ki, bundan əvvəl qeyd olunmuşdu ki, bir neçə gündür ABŞ-də səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti və Dövlət katibi ilə görüşəcəyinə dair xəbərlər yayılırdı. Lakin erməni hökumətinin, səfirliyinin, ABŞ-dəki erməni diasporunun və onun lobbiçilərinin bütün səylərinə baxmayaraq, onların heç biri Paşinyanı qəbul etməyib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində yalnız Vitse-prezident Ceyms Devid Venslə görüşə bilib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin yayımladığı qısa məlumatda deyilir ki, danışıqlar zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti və İrəvanla Vaşinqton arasında münasibətləri müzakirə ediblər.
“Biz ABŞ üçün heç bir strateji maraq kəsb etmirik. İkincisi, orada diplomatiyamız yoxdur, peşəkar diplomatlarımız yoxdur, bunlar küçədən gələn insanlardır… Belə bir səfər aylar öncədən razılaşdırılmalı idi – kiminlə görüşdüyünüz, hara gedəcəyiniz və sair”.
Bunu erməni politoloq Artur Xaçikyan Paşinyanın ABŞ səfərini şərh edərkən deyib. Onun dediyinə görə, nə Tramp, nə də Rubio Paşinyanla görüşə vaxt ayırmaq istəməyib: “Hakimiyyət diplomatiyanın nə olduğunu başa düşmür, bütün ümidlərini Baydenə bağladılar və yeni administrasiyada təsirsiz qaldılar. Heç kim onunla görüşməyib. Baxın, biz Amerika ilə strateji müqavilə imzaladıq, amma bundan heç nə çıxmadı, liderimizlə belə görüşmədilər… Biz demokratiya istəyirik, Qərbi istəyirik, rusları istəmirik. Lakin rusları daim təhqir edən, Qarabağdan imtina edən, Rusiya ilə münasibətləri korlayan Ermənistanın lideri Trampla 15 dəqiqəlik görüşə belə layiq görülmədi”.