Paşinyan məğlubiyyətin səbəblərini açıqladı:

“Sakinlər cəbhəyə əsgər aparan maşınların qarşısını kəsirdi, ordu dayanmağı tələb edirdi”
10 Noyabr 2020 - 19:34

 “Biz sülh sazişinə niyə getdik? Çox sadə səbəbdən: Ordu rəhbərlyinin məruzələrini dinlədikdən sonra bizə aydın oldu ki, dayanmasaq sonrakı nəticələr daha ağır olacaq. Səbəb budur”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan arasında Qarabağla bağlı imzaladığı sazişlə bağlı canlı efirdə danışarkən deyib.

Onun sözlərinə görə, ordu əməliyyat başlandıqdan sonra mütəmadi olaraq bu addımı atmağa israr edirdi. “Mən də müvafiq qərar qəbul etdim. Təsəvvür edirsiniz, ordu deyir dayanmaq lazımdır, problemlər var. Qəbul edilən qərarların perspektivinin taleyi naməlumdur, bütün resurslar tükənib”.

Paşinyanın sözlərinə görə, ordu ilə bağlı əcaib hadisələrlə üzləşiblər: “Məsələn, Silahlı Qüvvələrin alayını döyüşə getmək üçün Qarabağa hərbi hissəyə göndərmək lazım idi. Amma Ermənistanda hərbi hissənin olduğu həmin yaşayış yerinin sakinləri hərbi hissənin qapılarını bağlayır, maşınlara ordan çıxmağa imkan vermirdilər. Onlarla belə hadisə baş verdi. Nəticədə ön cəbhəyə hərbiçi göndərməklə bağlı ciddi problemlər yaranırdı. Bunlar isə bizi ciddi və ağır nəticələrə gətirib çıxartdı”.

Paşinyanın sözlərinə görə, daha bir problem səfərbərlik sistemi ilə bağlı oldu: “Mülkidən çağırılan insanlarla bağlı təcrübə göstərdi ki, onlar hərbi əməliyyatlar üçün yararsızdır. Onlar döyüş qabiliyyətini çox tez itirirdlər, buna görə çox ciddi problemlər yaranırdı.Könüllü dəstələrlə də bağlı bu problem yaşanırdı. Fərarilik problemini heç cür həll edə bilmədik”.

Paşinyanın sözlərinə görə, buna görə sazişi imzalayıb. “Biz elə vəziyyətə düşmüşdük ki, alternativ yox idi”.