“Peyvənd olunmağın əsas tələb kimi qoyulması düzgün deyil” –

Hande Harmancı
08 İyul 2021 - 12:56

“Ümumdünya Səhiyyə Təşkilatının siyahısında olan bütün peyvəndləri bir çox ölkə qəbul edib”.

Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bu siyahı dəyişir:

“Bizim ümidimiz ÜST-ün siyahısına daxil edilən peyvəndləri bütün ölkələrin qəbul etməsidir. Bundan başqa hazırda dünyada o qədər az insan peyvəndə çata bilir ki, peyvənd olunmağın əsas tələb olaraq qoyulması düzgün deyil. Çünki bu, gələcəkdə ölkələr arasında ayrı-seçkiliyə səbəb ola bilər. Təbii ki, hər ölkənin daxili siyasəti var. Ölkədəki epidemioloji vəziyyətə görə qərar verirlər”.

H. Harmanci deyib ki, hazırda istifadə olunan vaksinlərin təsiri çox yüksəkdir. Onlardan bəzilərinin təsiri 90 faiz üzərindədir: “Vaksinlərin hamısının ölümdən qoruduğunu bilirik. ÜST-ün siyahısındakı vaksinlərin hamısı ağır xəstəlikdən, xəstəxanaya düşməkdən və ölümdən qoruyur. Amma indiyə qədər insanların peyvənd qəbul etməsinin kifayət qədər sürətli olmadığını, ya da ölkələrin peyvəndi tez gətirə bilmədiklərini bilirik. Bu, istehsalla əlaqəli kiçik problemlərlə də bağlı ola bilər. Azərbaycan şanslı ölkələrdəndir. Hökumət çox tez hərəkət edərək peyvənd gətirdi və sürətli şəkildə vaksinasiyaya başlanıldı. İnsanlardan xahiş edirəm ki, peyvənd vurdursunlar. Xüsusən 65 yaşdan yuxarı şəxslərin peyvənd olunması koronavirusun bütün ştammları baxımından ölümləri, xəstəxanaya yatışları azaldacaq. Hazırda daha təsirli vaksin deyil, daha çox insanın peyvənd olunması lazımdır”.