İran Prezidenti Məsud Pezeşkian Ermənistanın xarici işlər Ararat Mirzoyanla görüşüb.
Bu barədə “Tasnim” məlumat yayıb.
Görüş zamanı İran Prezidenti bildirib ki, iki ölkə arasında ticarət, elm, mədəniyyət və texnologiya sahələrində münasibətləri daha da inkişaf etdirməli və “bu yolda bir-birimizə kömək etməliyik”.
ABŞ-la ziddiyyətlərə toxunan Pezeşkian deyib: “Bizim ABŞ-la problemimiz ondan ibarətdir ki, hər dəfə danışıqlar masasına əyləşəndə dərhal bizə müharibə tətbiq olunur. İndiyədək onlar danışıqlardan sonra üç dəfə bizə hücum ediblər. Bu da göstərir ki, onların məqsədi danışıqlar aparmaq deyil, İran İslam Respublikasını devirməkdir.
İran nüvə fəaliyyəti sahəsində öz səmimiliyini dəfələrlə sübut edib və dünyada Beynəlxalq Atom Enerjisi Agentliyinin ən çox yoxlamaları ölkəmizlə bağlı olub. Lakin ABŞ saxta ittihamlar irəli sürməklə İrana təzyiq göstərir.
Terror edən, sanksiyalar tətbiq edən, təzyiq göstərən və hər gün hədələyən, eyni zamanda müqavilələri pozan düşmənlə danışıqlar aparmağın mənası yoxdur. Ölkəmiz belə yanaşmanı qəbul etmir.
Bizim çox yaxşı qonşularımız var. Əlaqələrimizi gücləndirəcək və təzyiqləri neytrallaşdıracağıq”, – deyə İran Prezidenti bildirib.
İki ölkənin rəhbərlərinin Nyu-Yorkda keçirilən görüşünün davamı olaraq, tərəflər Ermənistan və İran arasında siyasi təmasların fəal gündəliyindən məmnunluq ifadə ediblər.
Görüşdə infrastrukturun blokadadan çıxarılması və enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq proqramlarına xüsusi diqqət yetirilib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.
Regional sabitlik və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin İrəvanda keçiriləcək COP17 konfransında İran İslam Respublikasının yüksək səviyyədə iştirakı məsələsi müzakirə olunub.