“Rusiya-Azərbaycan sərhədində toplaşan insanların tez bir zamanda vətənə qayıtması üçün mümkün olan hər şeyi edirik”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş “Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.
“Mən fürsətdən istifadə edib, Dağıstan Respublikasının rəhbərliyinə, respublikanın sakinlərinə təşəkkürümü bildirirəm. Biz dəfələrlə vətəndaşlarımıza müraciət etmişdik ki, Dağıstan-Azərbaycan sərhədində toplaşmasınlar. Lakin insanları da başa düşmək olar. Onlar iş yerlərini itiriblər. Mən bir daha həmin insanları əmin etmək və son rəqəmləri açıqlamaq istəyirəm. Martı ayının ortalarından bu günə kimi 7500-dən çox Azərbaycan vətəndaşı vətənə dönə bilib. Rusiya və Azərbaycan prezidentlərinin telefon danışığından sonra isə qısa müddət ərzində 400 nəfərdən çox vətəndaşımız Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə vətənə qayıdıb. Dünən 175 vətəndaşımız daşıyan təyyarə Moskvadan Bakıya uçub. Demək istəyirəm ki, mümkün olan hər şey edilir. Lakin bir az səbirli olmaq lazımdır. Anlaşılandır ki, bu çətindir. Vətənə dönməyin mümkün olduğu zamanı gözləmək lazımdır”, – deyə diplomat qeyd edib.