Azərbaycanda fəsadlaşmış, kritik vəziyyətə düşmüş xəstələr üçün kifayət qədər süni tənəffüs aparatı hazır vəziyyətdədir.
Bunu “ATV Xəbər”ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, bu gün dünyada belə avadanlıqlara əlçatanlıq çox çətindir. Rəşad Mahmudov qeyd edib ki, bu cür vəziyyətdə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə, zamanında verilən qərarla Azərbaycana bir gecədə 200 süni tənəffüs aparatı gətirilib.
“Bir gecənin içərisində 200 süni tənəffüs aparatının ölkəyə əlavə olaraq gətirilməsi biz səhiyyəçiləri dünyada olan hadisələrə qarşı nisbətən rahatlaşdırdı”, – deyə Rəşad Mahmudov əlavə edib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın ən son məlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş daha dörd nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Bundan əvvəl isə altı nəfər koronavirusdan sağalmışdı.
Azərbaycanda koronavirusdan cəmi bir ölüm faktı qeydə alınıb.