Prezident İlham Əliyev Astanada Pakistanın Baş naziri ilə görüşüb-YENİLƏNİB

Oktyabrın 12-də Qazaxıstana işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Səmərqənddəki görüşdən bir ay sonra Astanada keçirilən bu görüşün ölkələrimiz arasında əlaqələrin dinamikliyini bir daha göstərdiyini bildirib.

Dövlət başçısı ilə Səmərqənddəki görüşünü məmnunluqla xatırlayan Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib.

Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirib və öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət edib.

Pakistanın Baş naziri Azərbaycana məmnuniyyətlə səfər etmək niyyətində olduğunu deyib.

Şahbaz Şərif Pakistan xalqına göstərdiyi yardıma görə dövlətimizin başçısına təşəkkürünü ifadə edib və ölkəsinin baş vermiş selin nəticələrindən hələ də əziyyət çəkdiyini bildirib.

Baş nazir Şahbaz Şərif keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı şəkildə dəstəklədiyini qeyd edib.

Dövlət başçısı Pakistanın mövqeyinə görə təşəkkürünü bildirib, Azərbaycanın da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb.

Baş nazir Şahbaz Şərif Azərbaycanın bu ədalətli mövqeyinə görə minnətdarlığını ifadə edib.

Dövlət başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üzrə ölkəmizin təkliflərini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsi imzalana bilər.

Görüş əsnasında Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığının önəmi vurğulanıb. Bu çərçivədə əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, ölkələrimiz arasında hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə toxunulub və bu istiqamətdə müzakirələr aparılıb.

Əvvəlki məqalə

ABŞ və Avropa Azərbaycan-Ermənistan normallaşmasına müdaxilə etməyə çalışır –

Sonrakı məqalə

İlham Əliyev Vladimir Putinlə Astanada görüşəcək