Prezident İlham Əliyev Azıx mağarasında –

FOTO / VİDEO
16 Mart 2021 - 01:53

“Biz Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik. Öz fiziki formamızı göstərmişik”.

Bunu Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Xocavəndin Azıx kəndinə baş çəkərkən deyib.

Dövlət başçısı bildirib ki, Azıx mağarası dünyanın ən qədim yaşayış məskənlərindən biridir:

“Biz indi Azəx mağarasının içinə girəcəyik. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar edib. Ondan sonra burda tədqiqatlar aparılıb. Ən qədim insanın yaşayış məskənlərindən biridir.

Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan qanunsuz olaraq bu mağarada işlər aparıb. Qanunsuz olaraq xaricdən alimlər gətirib. Onlar bu mağaraya – bizim tarixi irsimizə böyük ziyan vurublar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Biz onları məcbur edəcəyik.

Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb, Azıx mağarası Azərbaycan ərazisindədir və bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə buraya gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar.

Buradan isə gözəl mənzərə açılır. Azıx kəndi oradadır. Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək”.

Daha sonra ölkə başçısı “Azıx Azərbaycandır! Qarabağ Azərbaycandır!” şüarını səsləndirib.