Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib

23 İyul 2021 - 12:25

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə bu ölkədə baş verən daşqın nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli cənab Sədr,

Henan əyalətində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.