“İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmək istəyirəm. Bir il bundan əvvəl mənim ölkənizə dövlət səfərim bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə, biznes icması ilə görüşlərimizi və müzakirələrimizi xatırlayıram. Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deib.
Azərbaycan Prezidenti bildirib ki, keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq: “Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir”.
Dövlət başçısı ümid etdiyini bildirib ki, italyan şirkətləri bizim ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar: “Sizə deyə bilərəm ki, artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir”, – deyə Prezident İlham Əliyev bildirib.