Prezident İtaliyada Azərbaycan səfirliyinin yeni binasının açılışını edib –FOTO

Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Əvvəlcə dövlət başçısı səfirliyin həyətində ağac əkib. Sonra Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış olub.

Azərbaycanın İtaliyadakı səfirliyi üçün Roma şəhərində (Via Giovanni Battista De Rossi 27 ünvanında) satın alınmış binada yerləşəcək.

Yeni binasının yerləşdiyi ərazidə Avstraliya, Əfqanıstan, Əlcəzair, İran, Qabon, Qətər, Malayziya, Meksika, Tailand, Yəmən və digər ölkələrin səfirlikləri, Kanada, Peru, Rusiya səfirliklərinin konsulluq şöbələri də fəaliyyət göstərir.

Səfirlik üçün ayrılmış daşınmaz əmlak ötən əsrin 40-cı illərində inşa edilib, monumentalist və neoklassik memarlıq üslublarının elementlərini birləşdirən 5 mərtəbəli binadan, yarımzirzəmi mərtəbədən və torpaq sahəsindən ibarətdir.

Binada diplomatik heyətimiz üçün iş otaqları, konsulluq şöbəsi, 1 və 2-ci mərtəbələrdə isə Azərbaycan mədəniyyətinin təqdimatları üçün otaq və zallar var.

Eyni zamanda binada Heydər Əliyev Fondunun dəstəyi ilə mədəniyyət otaqları yaradılıb. Azərbaycan mədəniyyətinin incilərinin təqdim olunduğu otaqlarda milli xalçalar,  geyimlər, musiqi və xalq sənətkarlığının müxtəlif nümunələri nümayiş olunur. Binada, həmçinin kitabxana yaradılıb və  müvəqqəti sərgilərin təşkili üçün zal var. Zalda müxtəlif görüşlər, konfranslar, dərslər də təşkil oluna bilər. Hazırda zalda Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim Azərbaycanım” adlı rəsm sərgisi nümayiş olunur. Sərgidə Azərbaycanın təsviri sənətinin müxtəlif nümunələri təqdim edilir.

Kitabxanada isə Azərbaycan mədəniyyətinə, incəsənətinə, tarixinə həsr olunmuş nəşrlər, Azərbaycan yazıçılarının italyan dilində kitabları, eləcə də, İtaliyada italyan müəlliflərin dərc etdiyi Azərbaycan haqqında əsərləri təqdim edilir.

Binanın həyətində isə “Xarıbülbül” beynəlxalq incəsənət festivalının qaliblərinin müəllifi olduqları xarıbülbül maketləri sərgilənir.

Əvvəlki məqalə

Arı sancması zamanı nə etməli?

Sonrakı məqalə

Ermənilər Laçından çıxarkən bütün su sistemini dağıdıblar