“Putinə dedim ki, biz “İskəndər”lə bağlı cavabı bilməliyik” –İLHAM ƏLİYEV

““İsgəndər” hücumu ilə bağlı xəbər bizi təəccübləndirdi”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, Ermənistanın baş naziri “İsgəndər”dən istifadə etdiklərini, lakin onun yalnız on faizinin partladığını deyəndə hər kəs gülürdü: “Yəqin ki, o, çatdırmaq istədiyi mesajı düzgün çatdıra bilməmişdi. Fevralın sonunda mənə sual veriləndə dedim ki, mən onların bunu etmədiklərini deməmişəm. Mən dedim ki, biz onu aşkar etməmişik. Bu, ayrı-ayrı şeylərdi. Həmin vaxt biz onu hələ də aşkar etməmişdik. Lakin o, onu dedikdən sonra, sabiq prezident Sarkisyan “İsgəndər”in atıldığını və raketi bizim boru kəmərlərimizə atmadığından təəssüfləndiyini dedi. Bilirsiniz, bu müharibə canisi, əli Xocalı qurbanlarının qanına bulaşan Sarkisyan Paşinyanı boru kəmərlərinə zərbə endirmədiyinə görə günahlandırırdı. Sonra Ermənistan ordusunun sabiq baş qərargah rəisi Movsesyan da, – mən onun adını xatırlamıram, – onların bu raketdən istifadə etdiyini demişdi. Sonra onlar “İsgəndər” raketinin necə buraxılması ilə bağlı videogörüntünü yayımladılar”.

İ.Əliyev deyib ki, raketi tapmaq üçün göstəriş verib: “Biz bu raketi tapdıq. Nəyə görə biz onu əvvəl tapmadıq? Mən bilmirəm, çünki Şuşada qar var idi. Müharibədən sonra qar yağmağa başladı. Hətta mən yanvar və fevral aylarında orada olanda qar var idi. Qar əridikdən sonra raket tapıldı. Onun tapılmasından sonra baş verənlər isə çox qəribədir. Ermənistan ordusunun baş qərargah rəisi demişdir ki, o, bu məsələ ilə bağlı heç bir şərh verə bilməz. Biz bunu necə başa düşməliyik? Bəli, yoxsa, xeyr kimi? Yəqin ki, bəli kimi. Çünki cavab xeyr olsaydı, o, deyərdi ki, xeyr biz bunu etməmişik. Əgər o, “mən şərh verə bilmərəm” deyibsə, bu, o deməkdir ki, bəli, bunu onlar ediblər. Ermənistanın sabiq müdafiə naziri də şərh vermişdir. O demişdir ki, bu müharibə sirri olduğu üçün bunu deyə bilməz. Siz bu insanların səviyyəsini görürsünüz? Bilirsiniz, bu insanlar hərbi əməliyyatlarla bağlı qərar qəbul edən insanlar idi. Bunun müharibə sirri olduğunu demək, bəli, bunu onlar ediblər anlamına gəlir.

Prezident daha sonra deyib: “Lakin əfsuslar olsun ki, biz Rusiyadan da heç bir cavab almadıq. Çünki sizin də bildiyiniz kimi, Paşinyan raketdən istifadə etdiyini söyləyəndə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi demişdi ki, yox, Ermənistan istifadə etməyib. Paşinyan Ermənistanın baş naziridir. O deyir ki, biz raketdən istifadə etmişik. Rusiya Müdafiə Nazirliyinin rəsmisi isə onların raketdən istifadə etmədiyini deyir. Bu, nə deməkdir? Bu, Rusiya Müdafiə Nazirliyinin Ermənistan Müdafiə Nazirliyinə nəzarət etməsi deməkdir? Bu, cənab Konaşenkovun nə dediyi anlama gəlirmi? O, “Ermənistan raketdən istifadə etməyib, bütün “İsgəndər” raketləri anbardadır” deyəndə onlar bunu haradan bilirlər? Onlar Ermənistanın anbarlarına nəzarət edirlər? Əgər onlar erməni anbarlarını idarə edirlərsə, onda bu raket kimin sərəncamındadır? Sonra cənab Putinin mətbuat katibi cənab Peskov bəyanat verdi. O, “İsgəndər”dən istifadə edilmədiyini dedi. “İsgəndər” buradadır, siz gedib baxa bilərsiniz, 15 dəqiqəlik bir yoldur. Mən onu dünən Hərbi Qənimətlər Parkında özüm gördüm. Bu, təkcə “İsgəndər” deyil, bu, “İsgəndər-M”dir. Hansı ki, Ermənistan ordusu heç vaxt malik ola bilməzdi. Mən sizə daha çoxunu deyə bilərəm, çünki biz uzun müddət idi ki, gözləyirdik. Mən bunu Azərbaycan xalqından gizlədə bilmədiyim həssas məsələ olduğu üçün sizə daha çoxunu deyə bilərəm. Mən aprelin 1-də cənab Putinlə telefon söhbətim zamanı bu məsələni qaldırmışdım. Bu telefon söhbəti ilə bağlı yayılan rəsmi məlumata daxil deyildi, çünki biz telefon söhbəti ilə bağlı məlumatı onlar verdiyi kimi vermişdik. Siz onları müqayisə edə bilərsiniz. Lakin mən bu sualı verdim. Mən dedim ki, biz cavabı bilməliyik. Azərbaycan xalqı nəyin baş verdiyi ilə bağlı cavabı bilməlidir. Artıq iki həftə keçib. Aprelin 4-də bizim Müdafiə Nazirliyimiz Rusiya Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı rəsmi məktub ünvanlayaraq foto, video və digər materialları təqdim edərək onlardan cavab istəyib. Bu raketlər nə raketləridir və nə baş verib? Artıq doqquz gün keçib, heç bir cavab yoxdur. Bir qrup Azərbaycan jurnalisti Rusiyanın Azərbaycandakı səfirliyinə açıq məktub yazıb və bu məktub açıq xarakter daşıyır. Yəqin ki, siz onu görmüsünüz. Heç bir cavab verilmədi. “İsgəndər” buradadır, “İsgəndər-M”, hansı ki, heç bir yerə ixrac olunmamalı idi, Şuşaya necə gətirilib? Haradan atılıb? Kim onu atıb? Biz cavabları gözləyirik. Sizə bir şey də deyə bilərəm. Bəzi suallara bizim artıq cavablarımız var. Lakin biz Ermənistandan rəsmi cavab gözləyirik, çünki bu raketlər Ermənistanın ərazisindən buraxılıb. Biz onların dəqiqliklə haradan atıldığını bilirik. Bu suallar cavablandırılmalıdır. Bu, ciddi məsələdir. Bu, adi bir raket deyil. Bu raket buraxılmışdır və onlardan neçəsi buraxılmışdır, haradan və nə zaman biz onları da bilirik. Bizə, Azərbaycan xalqına bu suallara cavablar lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı –

Sonrakı məqalə

“Dağlıq Qarabağın tam inteqrasiyası zaman məsələsidir, biz tələsməyəcəyik” –