Putin Baydenlə birgə ABŞ-ın İqlim sammitinə qatılacaq, çıxış edəcək –

Kreml qərarı açıqladı
19 Aprel 2021 - 22:22

Rusiya prezidenti Vladimir Putin bu həftənin sonunda ABŞ-ın təşkil etdiyi onlayn İqlim sammitində çıxış edəcək.

Azpost.info bildirir ki, bu barədə Kreml rəsmi açıqlama verib.

Kremlin aprelin 19-da verdiyi bəyanatda deyilir ki, Putin “qlobal iqlim dəyişikliyinin neqativ təsirlərinə üstün gəlinməsi üçün beynəlxalq əməkdaşlığın təşkil olunması kontekstində” danışacaq.

ABŞ prezidenti Co Bayden ötən ay Putini və başqa dünya liderlərini aprelin 22-23-də keçiriləcək virtual sammitə dəvət etmişdi.

Lakin bu dəvətdən sonra keçən qısa müddətdə Baydenin Rusiyaya qarşı elan etdiyi geniş sanksiyalara görə Vaşinqton və Moskva arasında münasibətlər daha da gərginləşib.

Putinin ABŞ sammitində iştirak edəcəyinə şübhələr yaradan başqa faktorlar da vardı.

Sammit Vaşinqtonun qlobal problemlərin həlli ilə bağlı tədbirlərdə fəal iştiraka qayıdışını nümayiş etdirməlidir.

Ağ Ev martın 26-da bunu da bildirmişdi ki, ABŞ bu ilin noyabrında Şotlandiyada keçiriləcək BMT İqlim Dəyişikliyi Konfransına hazırlıq görür.