Noyabrın 16-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Rostov vilayətinin Azov şəhərinə hücum edib.
Vilayətin qubernatoru Yuri Slyusarın məlumatına görə, hücum nəticəsində dörd istehsal obyektində yanğın baş verib, üç kişi xəsarət alıb.
Astra nəşrinin şahidlərin çəkdiyi foto və videolar əsasında apardığı araşdırmaya görə, dronların hədəfi neft bazasının və qazpaylayıcı stansiyanın (QPS) yerləşdiyi ərazi olub. Zərbələrdən sonra həmin ərazidə güclü yanğın başlayıb.
Ukraynanın Exilenova+ monitorinq kanalının məlumatına əsasən, həm neft bazası, həm də qazpaylayıcı stansiya yanır.
“Fleş Enerji” MMC-yə məxsus neft bazası müxtəlif markalı neft məhsullarının qəbulu, saxlanması və paylanması üçün nəzərdə tutulub. Obyektin ümumi tutumu 6,5 min kubmetrdən çox olan 10 rezervuarı var.
Qazpaylayıcı stansiya isə bərk, maye və qaz yanacağının ticarəti və saxlanması ilə məşğul olan “Yuq-İmpeks” MMC-yə məxsusdur.
Rusiya hakimiyyət orqanları hücumla bağlı hələlik rəsmi açıqlama verməyib.
Taqanroqda da itkilər var
Bundan bir gün əvvəl, noyabrın 15-də Rostov vilayətinin Taqanroq şəhəri də dron hücumuna məruz qalıb. Qubernator Yuri Slyusarın sözlərinə görə, hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Dronların hədəfi avtomobil yolunun üzərindəki körpü və iki elektrik yarımstansiyası olub. Astra nəşrinin yazdığına görə, şəhərin sənaye zonasını elektrik enerjisi ilə təmin edən yarımstansiyalardan biri zədələnib.
Krasnodar diyarında da yanğın baş verib
Ukrayna dronları ötən gecə Rusiyanın Krasnodar diyarına da hücum edib.
Bölgənin əməliyyat qərargahının məlumatına görə, Severski rayonunda pilotsuz aparatların qalıqlarının düşməsi nəticəsində üç nəfər, o cümlədən bir uşaq xəsarət alıb.
İlsk qəsəbəsindəki müəssisələrdən birinin ərazisində yanğın baş verib. Əməliyyat qərargahı hadisənin detalları barədə məlumat verməyib.
Həmin qəsəbədə Rusiyanın cənubundakı ən böyük beş neft emalı zavodundan biri hesab edilən İlsk Neft Emalı Zavodu (NEZ) yerləşir. Bu müəssisə sonuncu dəfə sentyabrın 26-da dron hücumuna məruz qalıb.
Yaroslavlda Moskvaya gedən yol bağlanıb
Bundan başqa, Yaroslavl vilayətində pilotsuz uçuş aparatlarının hücumu fonunda Yaroslavl şəhərindən Moskva istiqamətinə çıxışda nəqliyyatın hərəkəti dayandırılıb. Vilayətin qubernatoru Mixail Yevrayev sakinləri həmin istiqamətdə və ətraf ərazilərdə səfərlərdən çəkinməyə çağırıb.
Onun sözlərinə görə, gecə ərzində vilayət üzərində ümumilikdə 20 dron zərərsizləşdirilib. Ölən və xəsarət alan olmayıb. Hücumun yerdə hər hansı insidentə səbəb olub-olmadığı barədə qubernator məlumat verməyib.
Qeyd edək ki, bundan əvvəl də Yaroslavlda Moskva istiqamətində, Rusiyanın ən böyük 10 neft emalı zavodundan biri olan Yaroslavl NEZ-in yerləşdiyi sənaye zonası yaxınlığında nəqliyyatın hərəkəti dəfələrlə məhdudlaşdırılıb.
