Azərbaycanda 2027-ci ildə əməkhaqqı, pensiya və sosial ödənişlərin artırılması ilə bağlı yeni qərarların qəbul edilməsi gözlənilir.
Azpost.info bildirir ki, gələn il ölkədə 6-cı sosial islahat paketinin həyata keçirilməsi nəzərdə tutulur. Bunun üçün dövlət və icmal büdcələrdə maliyyə təminatı yaradılıb. Lakin minimum əməkhaqqının, minimum pensiyanın və digər sosial ödənişlərin nə qədər artırılacağı hələlik açıqlanmayıb.
Maliyyə naziri Sahil Babayev bildirib ki, yeni sosial paketin maliyyələşdirilməsi üçün 2027-ci ilin dövlət büdcəsində ehtiyat vəsaitləri nəzərdə tutulub. Hökumətin hazırladığı təkliflər yekunlaşdırılaraq Prezidentə təqdim edildikdən və müvafiq fərmanlar imzalandıqdan sonra vəsaitlər konkret istiqamətlər üzrə bölüşdürüləcək.
Beləliklə, gələn il milyonlarla vətəndaşın gəlirlərinə təsir edə biləcək yeni artımlar gündəmdədir. Əsas sual isə bu artımların hansı kateqoriyaları əhatə edəcəyi, minimum əməkhaqqı və pensiyanın nə qədər yüksələcəyi, eləcə də pensiyaların illik indeksləşdirilməsinin sosial paketdən necə fərqlənəcəyidir.
Sosial paket üçün nə qədər vəsait ayrılıb?
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin açıqlamasına görə, 2027-ci ildə sosialyönümlü xərclərin 18,7 milyard manat olması nəzərdə tutulur. Bu, 2026-cı illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz çoxdur. Sosialyönümlü xərclərin dövlət büdcəsindəki payının 44,2 faizə çatacağı gözlənilir.
Sosial müdafiə və sosial təminat xərcləri üçün isə 4 milyard 914 milyon manat proqnozlaşdırılıb. Bundan əlavə, müavinət, təqaüd və kompensasiyalara 2,2 milyard manat, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımı üçün isə 470 milyon manat ayrılması nəzərdə tutulur.
Maliyyə naziri Sahil Babayev də sosial paketlə bağlı mühüm məqama toxunub. Onun sözlərinə görə, əvvəlki sosial paketlər çərçivəsində minimum əməkhaqqı 130 manatdan 400 manata, minimum pensiya isə 116 manatdan 320 manata çatdırılıb. Nazir bildirib ki, əvvəlki paketlərdən hər biri əhatə dairəsindən asılı olaraq orta hesabla 2-3 milyon vətəndaşa təsir edib.
Minimum əməkhaqqı və pensiya nə qədər olacaq?
Hazırda 2027-ci ildə minimum əməkhaqqının və minimum pensiyanın hansı məbləğə çatdırılacağı barədə rəsmi qərar yoxdur. Bununla belə, 6-cı sosial islahat paketinin hazırlanması bu göstəricilərin də dəyişdirilməsi ehtimalını gündəmə gətirir. Konkret artım məbləği yalnız hökumətin təklifləri yekunlaşdıqdan və Prezidentin müvafiq qərarları qəbul edildikdən sonra məlum olacaq.
Burada bir məqamı da nəzərə almaq lazımdır: sosial paket yalnız minimum əməkhaqqı və minimum pensiyanın artırılması ilə məhdudlaşmaya bilər. Müavinət, təqaüd və digər sosial ödənişlər üzrə də dəyişikliklər nəzərdə tutula bilər.
Pensiyalar inflyasiyadan daha çox artacaq?
Pensiyaçılar üçün əsas gözləntilərdən biri 2027-ci ilin əvvəlində həyata keçiriləcək indeksləşdirmədir. Sahil Babayev bildirib ki, Azərbaycanda əmək pensiyaları əvvəlki il ərzində orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilir. Son beş ildə pensiyaların indeksləşdirilməsi orta hesabla 9 faizdən çox olub.
Nazirin sözlərinə görə, 2026-cı ilin ilk 10 ayında inflyasiya 5,6 faiz təşkil edib. 2027-ci il üçün inflyasiya proqnozu isə 5,3 faizdir. Mövcud göstəricilərə əsasən, pensiyaların indeksləşdirilməsinin inflyasiyanı üstələyəcəyi gözlənilir.
Lakin dəqiq faiz hələ məlum deyil. Çünki yekun indeksləşdirmə 2026-cı ilin 12 aylıq orta əməkhaqqı artımı əsasında müəyyənləşdiriləcək. Bu göstəricinin tam formalaşması üçün yanvar ayının sonunadək gözləmək lazımdır.
Orta pensiya 680 manata çatacaq?
2027-ci ilin büdcə proqnozlarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 9 milyard 273 milyon manat nəzərdə tutulub. Bunun 8 milyard 669 milyon manatının pensiyalara yönəldilməsi planlaşdırılır. Rəsmi proqnoza görə, gələn il orta aylıq əmək pensiyasının 639 manat, yaşa görə orta aylıq pensiyanın isə 680 manat olması gözlənilir. Ancaq bu rəqəmləri bütün pensiyaçılara veriləcək artım kimi başa düşmək olmaz. Bunlar ölkə üzrə orta pensiya məbləğinə dair proqnozlardır. Konkret şəxsin alacağı pensiya isə onun pensiya kapitalından, mövcud pensiya məbləğindən və tətbiq ediləcək indeksləşdirmədən asılı olacaq.
Sosial paket kimləri əhatə edə bilər?
Hazırkı açıqlamalar əsasında 2027-ci ilin sosial paketində aşağıdakı istiqamətlər üzrə dəyişikliklərin müzakirə edilməsi gözlənilə bilər:
-Minimum əməkhaqqı alan işçilər;
-Əmək pensiyası alan vətəndaşlar;
-Sosial müavinət və təqaüd alan şəxslər;
-Aztəminatlı ailələr;
-Digər sosial müdafiə kateqoriyaları.
Bunların hamısının yeni paketə daxil ediləcəyi hələ təsdiqlənməyib. Bunun üçün hökumətin yekun təklifləri və rəsmi qərarlar açıqlanmalıdır.
Samir Abdulla
