Putin Dumaya seçki siyahısına Şoyqu və Lavrovun liderliyini irəli sürüb

19 İyun 2021 - 19:26

Rusiyanın hakim “Vahid Rusiya” partiyasının XX Qurultayı keçirilib.

Qurultayda Rusiya prezidenti Vladimir Putin iştirak edib.

V.Putin çıxışında qarşıdan gələn parlament seçkilərində partiyanın siyahısına liderliyə namizədlərini təklif edib.

Rusiya prezidentinin fikrincə, “Vahid Rusiya” partiyasının siyahısına liderliyi müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, “Kommunarka” xəstəxanasının baş həkimi Denis Protsenko, Ümumrusiya Xalq Cəbhəsinin Mərkəzi Qərargahının həmsədri Yelena Şmeleva və uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova etməlidir.

“Mənim fikrimcə, bu siyahı, xüsusilə də ilk beşlik siyasətdə çoxdan yer alan insanlardan, deyək ki, bizdə o cür şəxsləri siyasi ağırçəkililər adlandırırlar, bir də inkişafımızın, həyatımızın vacib istiqamətini təmsil edən yeni insanlardan təşkil olunmalıdır”, – deyə Putin vurğulayıb.

“Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedev isə prezident tərəfindən səsləndirilən partiya siyahısının lider beşliyinin onların birgə təşəbbüsü olduğunu bildirib.

Qeyd edək ki, VIII çağırış Rusiya Dövlət Dumasına seçkilərin bu ilin 19 sentyabr tarixində keçiriləcək.

Rusiya prezidenti tərəfindən partiyasının seçkilərdəki siyahısına liderlik edəcək namizədlərdən olan Sergey Şoyqu 2012-ci ildən ölkənin müdafiə naziri vəzifəsini tutur. Ordu generalı rütbəsində olan Şoyqu Təhlükəsizlik Şurasının daimi üzvüdür. İlk beşlikdə olan digər namizəd Sergey Lavrov isə 2004-cü ildən xarici işlər naziri vəzifəsini tutur. Buna kimi isə o, 10 il Rusiyanın BMT-dəki daimi nümayəndəsi olub.