Rusiya noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak etmək üçün dəvət alıb.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, prezident Vladimir Putinin sammitdə iştirakı nəzərdə tutulub: “Bəli, iştirakımızın nəzərdə tutulduğunu təsdiq etdik. Biz müsbət cavab verdik. Cavab verdik ki, iştirak etməkdə maraqlıyıq”.
Uşakov əlavə edib ki, sammitin gündəliyində duran məsələlərin müzakirəsi, həmçinin G20-yə daxil olan ölkələrin mərkəzi banklarının rəhbərləri və maliyyə nazirlərinin aprel görüşündə qaldırılan mövzulara toxunulması da planlaşdırılır.
Noyabrın 15-16-da Balidə G20 dövlət başçılarının 17-ci görüşü keçiriləcək. İndoneziya G20-nin hazırkı sədridir. Ölkəsi G20-yə daxil olmasa da, Ukrayna prezidenti Vladimir Zelenski də sammitə dəvət alıb. “Bloomberg” yazıb ki, belə bir təklif Putinin görüşə dəvət olunduğu məlum olduqdan sonra bəzi üzv dövlətlər, o cümlədən ABŞ tərəfindən irəli sürülüb.
Ukrayna prezidenti hələ ki, iştirakı ilə bağlı cavab verməyib. İyunun 30-da İndoneziya prezidenti Coko Vidodo Moskvaya, ondan əvvəl isə Ukraynaya səfər edəcək. “Mənim missiyam Ukrayna prezidenti Zelenskini sülh kontekstində dialoq üçün məkan açmağa dəvət etməkdir”, – deyən Vidodo eyni təkliflə Putinə müraciət edəcəyini də bildirib.
Azpost.info