Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağla bağlı mövqeyindən danışıb və onu “müasir, ziyalı insan” adlandırıb.
Putin bu fikirləri 1 sentyabrda Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin yekunları ilə bağlı media qarşısında çıxışı zamanı səsləndirib.
Rusiya Prezidenti Qarabağ ətrafında yaranmış vəziyyəti xatırladaraq bildirib ki, Qərb ölkələri və Ermənistan tərəfi bölgədə yaşayan erməni əhalisinin hüquq və maraqlarının təmin olunacağını düşünürdülər.
Putin isə həmin vaxt bunun baş verməyəcəyini və Qarabağda yaşayan ermənilərin bölgəni tərk edəcəyini söylədiyini qeyd edib.
“Onlar mənə deyirdilər ki, orada yaşayan erməni əhalisinin hüquq və maraqlarını təmin edəcəyik. Mən deyirdim ki, heç nə təmin edə bilməyəcəksiniz, insanlar sadəcə gedəcəklər. Baxmayaraq ki, Prezident Əliyev bu insanlara heç bir pislik etməyəcək. O, müasir, ziyalı insandır. Onların maraqlarını təmin etməyə çalışacaq – buna yüz faiz əminəm. Amma onlar yenə də orada qalmayacaqlar. Belə də oldu”, – Putin deyib.
Rusiya Prezidenti həmçinin bildirib ki, Qarabağ məsələsi Ermənistan-Azərbaycan münasibətlərindəki əsas problemlərdən biri olub. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi sonradan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.
Putin bu kontekstdə Rusiyanın Qarabağdakı erməni əhalisinin hüquq və maraqlarının qorunması ilə bağlı təkliflərinin Ermənistan tərəfindən qəbul edilmədiyini də bildirib.
Rusiya lideri Qarabağ məsələsinin həllindən sonra Ermənistan üçün yeni imkanların yarandığını da qeyd edib. O, regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasının, sərhədlərin açılmasının və investisiyaların cəlb edilməsinin mümkün olduğunu vurğulayıb.