Putin Ramzan Kadırova general-mayor hərbi rütbəsi verdi

24 İyul 2020 - 12:05

Rusiya prezidenti Vladimir Putin Çeçenistanın başçısı Ramzan Kadırova general-mayor hərbi rütbəsi verib.

Kadırov iyulun 23-də prezidentin bu barədə fərmanının fotosunu özünün VKontakte sosial media hesabında paylaşıb. Çeçenistan başçısı həmin postda yazır ki, Putin bu fərmanı verdiyi barədə şəxsən özü ona zəng edərək xəbər verib: “Bu telefon söhbəti zamanı prezidentin özü fərmanı oxudu, məni təbrik etdi və yeni uğurlar arzuladı”.

2009-cu ildə Rusiyanın ovaxtkı prezidenti Dmitri Medvedyev Kadırova polis general-mayoru rütbəsi vermişdi. Onda Kadırovun 33 yaşı vardı və o, Rusiyada ən gənc general-mayor olmuşdu.

Özünün 23 iyul tarixli postunda Kadırov bunu da bildirir ki, o Daxili İşlər Nazirliyinin tabeçiliyindən Rusiya Milli Qvardiyasının tabeçiliyinə keçirilib: “Mən Daxili İşlər Nazirliyindən Milli Qvardiyaya keçirilməyimə görə əziz QARDAŞIMA, Rusiya Federasiyası Milli Qvardiya Qüvvələrinin komandanı Viktor Zolotova sonsuz minnətdarlığımı ifadə etdim”.