Putin Tatarıstanın muxtariyyətini ləğv etməyə hazırlaşır?

21 Oktyabr 2021 - 20:22

Rusiya Dövlət Dumasının yenicə seçilmiş heyətinin ilk sessiyası oktyabrın 12-də keçirilib.

Lakin bu sessiya hələ keçirilməzdən əvvəl Dumaya baxılmaq üçün təqdim olunmuş qanun layihələrindən birində Rusiyanın bütün regionlarının “icra hakimiyyətlərini eyniləşdirən tədbir” nəzərdə tutulur.

Azadlıq Radiosunun təhlilçisi Robert Kolson yazır ki, əgər sözü gedən qanun layihəsi qəbul olunarsa, bundan sonra Rusiyanın ilhaq olunmuş Krım yarımadası da daxil, 83 regionunun hamısında merlər, qubernatorlar və prezidentlər yox, sadəcə olaraq icra başçıları olacaq.

Bu qanun layihəsi Duma spikerinin müavini Pavel Kraşennikov və Federasiya Şurasının üzvü Andrey Klişas tərəfindən təqdim olunsa da, sənədin prezident Vladimir Putinin aparatında hazırlandığına və buna görə də onun mütləq qanuna çevriləcəyinə inanılır.

Tatarıstanda bir çoxları yeni qanunun məhz onları hədəflədiyini düşünürlər. Onların fikrincə məqsəd 2024-cü ildə Putinin dördüncü müddətinin başa çatmasından əvvəl şaquli hakimiyyətin gücləndirilməsidir.

Kazan Universitetinin siyasət elmi professoru Midxat Farukşin AzadlıqRadiosuna deyib ki, Tatarıstan “prezidentinin” sadəcə “başçıya” çevrilməsi əmri birbaşa Rusiya prezidentinin ofisindən verilib.

Bu təşəbbüs barədə hələlik nə Tatarıstan Milli Məclisi, nə də prezident Rustam Minnixanov şərh verməyiblər.

AzadlıqRadiosunun sorğusuna cavab olaraq regional parlamentin mətbuat xidməti bildirib ki, Tatarıstanda “prezident” titulunun ləğv olunmasının qanuni və ya qanunsuz olması yerli parlamentin səlahiyyətinə aid məsələ deyil.

Əhalisi 3.8 milyon nəfər olan Tatarıstan Rusiyada hakimiyyətin federal subyektlər arasında bölüşdürülməsinə çox ciddi baxan muxtar respublika olub.

Tatarlar Rusiyada ruslardan sonra sayca ikinci xalqdır.

1992-ci ilin martında, SSRİ-nin çökməsindən üç ay sonra Tatarıstan parlamenti bölgənin suverenliyi barədə qanunu səslərin üçdə ikisi ilə qəbul edib.

Həmin qanuna görə Tatarıstan Rusiya və federasiyanın başqa subyektləri ilə eyni hüquqlara malikdir.

Rusiyanın birinci prezidenti Boris Yeltsin regionalara “mədələri götürəcək qədər” suverenlik almaq icazəsi vermişdi.

Putinin hakimiyyəti illərində, 2000-ci ildən bəri Kremlin federal regionlarla münasibəti və parlamentin yuxarı palatası Federasiya Şurasının formalaşması, habelə region başçılarının seçilməsi qaydasının dəyişdirilməsi ilə federalizm xeyli aşılanıb.

2015-ci ildə regional başçılara “prezident” titulundan istifadə qadağan edilib. Kremlin iddiasına görə Rusiyada yalnız bir prezident ola bilər.

Lakin Tatarıstandan gələn təzyiqlər Putini bu bölgəyə istisna verilməsinə məcbur edib.

Bu sonuncu qanun layihəsi ilə bağlı Dünya Tatar Gənclər Forumu Moskvaya və Kazana müraciət edərək onları Tatarıstan başçısının “prezident” titulunun saxlanmasına çağırıb.

Oktyabrın 4-də açıqlanmış müraciətdə deyilir ki, Tatarıstanda prezident titulu saxlanmalıdır, çünki bu, “siyasi statusu, respublika imicini və federalizmi” əks etdirir:

“Tatarıstanda prezident postu təkcə respublika başçısının postunu yox, həm də dünya boyunca 7 milyon tatarın liderliyini, Rusiyanın başqa regionlarında, 30-dan çox ölkədə yaşayan tatarların birliyini simvolizə edir”.

Praqada mənzillənmiş regional və etnik münasibətlər eksperti Vadim Sidorov deyir ki, Moskva da Tatarıstanda “prezident” titulunu məhz buna görə ləğv etmək istəyir.

Sidorov bu barədə məqaləsində yazır ki, Putin hakimiyyəti “liberal təsisat islahatlarının və respublika millətçilyinin sintezindən” qorxur, çünki o, bunu 2003-cü ildə Gürcüstanda “Qızılgül inqilabının” və Ukraynada 2013-2014-cü illərdəki Avromaydan kimi hərəkatların hərəkətverici qüvvəsi kimi görür.

Görünür, məhz bu ehtiyatlanmalara görə siyasi bloger Valeri Karpenkov oktyabrın 7-də yazdığı köşə məqaləsində iddia edir ki, Dumaya təqdim olunmuş qanun kifayət qədər kəsərli deyil və Rusiyanın birliyini kifayət qədər gücləndirməyəcək.

Bloger qeyd edir ki, Rusiyada bütün regionların bələdiyyələri üçün universal vahid bir termin tətbiq olunmalıdır.

Onun fikirincə başqırdlar, tatarlar, buryatlar və Rusiyadakı başqa dillərdə işlədilən türk sözü “qurultay” və başqa “çətin tələffüz olunan” terminləri aradan qaldırmaq lazımdır:

“Federal mərkəzin səlahiyyətləri milli və ya respublika konstitusiyaları ilə məhdudlaşdırılır. Bütün bunlar Rusiya xalqlarına, diqqət edin, dövlət suverenliyi verir. Rusiya milli-ərazi quruluşuna görə əsl həftəbecərdir və konstitusiya səviyyəsində 20-dən çox kvazidövlətdən ibarətdir”.

Karpenkov belə bir nəticəyə gəlir ki, belə bir vəziyyət “separatçı meyllərə” rəvac verir.

Lakin Tatarıstan suverenliyinin bəzi müdafiəçiləri üçün Dumaya təqdim olunmuş layihə “ölüm-qalım” məsələsidir.

2018-ci ildə həbsxanadan azad edildikdən sonra Londona mühacirət etmiş tatar fəal Rafis Kaşapov AzadlıqRadiosuna deyib:

“Prezident titulu olmadan respublikanın özünə də son qoyulacaq. Bundan sonra nə gerbə, nə bayrağa, nə də himnə ehtiyac qalmayacaq. Tatarıstanı dəstəkləyən insanların isə, biz sürgündəkilərə qoşulmaqdan başqa seçimi qalmayacaq. Amma düzünü desəm, inanmıram ki, bu, çoxlarının vecinədir”.