Putin Ukrayna üçün “dəhşətli qış” hazırlayır –Britaniyalı analitikdən xəbərdarlıq

Kreml Ukrayna ərazisinə ballistik raketlərlə kütləvi zərbələr endirərək “imkan pəncərəsi” adlandırılan vəziyyətdən maksimum istifadə etməyə çalışır. Rusiya Ukraynanın raketdən müdafiə sisteminin qarşısınıalıcı raketlərin ciddi çatışmazlığı ilə üzləşdiyi məqamları seçir.

Azpost.info -nun məlumatına görə, bunu hərbi analitik Maykl Klark “Sky News” telekanalının efirində bildirib.

Ekspertin qiymətləndirməsinə görə, son həftələrdə Rusiya qüvvələri, xüsusilə Kiyev istiqamətində ballistik hücumların sayını nəzərəçarpacaq dərəcədə artırıb. Bunun əsas səbəbi Ukrayna Silahlı Qüvvələrinin hazırda bu tip hədəfləri vurmaq üçün kifayət qədər xüsusi vasitələrə malik olmamasıdır.

“Bütün raketlər hədəfə çatır”

Klark son hücumlardan birini nümunə göstərib. Onun sözlərinə görə, Ukrayna qüvvələri düşmənin pilotsuz uçuş aparatlarının təxminən 90 faizini məhv edə bilib, lakin buraxılan ballistik raketlərin heç biri ələ keçirilməyib.

Analitik bunun ciddi problemə işarə etdiyini bildirib: ballistik raketlərin hamısı hücum edən tərəfin müəyyən etdiyi hədəflərə çatıb.

“Bu hücumlar, şübhəsiz ki, ruslar onları davam etdirə bildiyi müddətdə davam edəcək. Çünki Rusiya tərəfi Prezident Zelenskinin hamımıza açıq şəkildə izah etdiyi məsələni bilir — Ukraynada ballistik raketləri vurmaq üçün lazım olan sursat ciddi şəkildə çatışmır”, – deyə Klark vurğulayıb.

Ekspert həmçinin qeyd edib ki, hücumlarda yalnız Rusiyanın öz istehsalı olan raketlərdən deyil, Şimali Koreyanın KN-23 ballistik raketlərindən də istifadə olunur.

“Ağır qış” planı

Britaniyalı analitikin fikrincə, Kreml yaranmış vəziyyəti yaxşı anlayır və bundan sonra da Ukrayna müdafiəsinin zəif nöqtələrinə təzyiq göstərmək niyyətindədir.

“Putin bilir ki, ballistik raketlərin demək olar ki, yönəldildiyi bütün hədəfləri vuracağı bir imkan pəncərəsi var və ukraynalılar bunun qarşısını almaq üçün çox az şey edə bilirlər. O, Ukrayna üçün həqiqətən dəhşətli qış yaratmağa çalışır. Zelenski isə digərlərinə deyir: siz kənarda dayanıb bunun baş verməsinə imkan verəcəksiniz?” – deyə Klark bildirib.

Analitik qeyd edib ki, gələn il Ukrayna üçün vəziyyət daha yaxşı ola bilər. Lakin bu il və qarşıdakı qış ölkə üçün ciddi problem yaradır və Putin də bunun fərqindədir.

Maykl Klarkın sözlərinə görə, hazırda Kremlin əsas məqsədi Qərbin hava hücumundan müdafiə sistemlərinin tədarükündəki gecikmələrdən və yaranmış çatışmazlıqdan istifadə edərək Ukraynanın qarşıdakı qış dövrünü mümkün qədər çətinləşdirməkdir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.