Hansı qan qrupu daha gec qocalır? –Alimlərdən maraqlı nəticə

Alimlər qan qrupu ilə orqanizmin qocalma sürəti arasında əlaqə olduğunu müəyyən ediblər. Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, insanın qocalma prosesində əsas amillərdən biri olaraq həyat tərzi qalır.

Bir çox insan qocalma əlamətlərindən hətta ölümün özündən daha çox qorxur. Lakin yeni araşdırmaya görə, bəzi qan qrupuna sahib insanlar üçün qocalma prosesi müəyyən qədər daha yavaş gedə bilər.

Qan qrupunun insan həyatına təsiri genişdir. O, immun sisteminin xüsusiyyətləri, müxtəlif xəstəliklərə həssaslıq, orqanizmdə yağ səviyyəsi və hətta bəzi davranış xüsusiyyətləri ilə əlaqələndirilir. Son tədqiqatlar isə qan qrupunun orqanizmin qocalma sürətinə də təsir göstərə biləcəyini ortaya qoyur.

Minlərlə könüllünün iştirak etdiyi araşdırmada iştirakçılar yaş qruplarına bölünüb. Alimlər müəyyən ediblər ki, III qan qrupuna (B) sahib insanlarda qocalma əlamətləri, o cümlədən dərinin və daxili orqanların vəziyyətindəki dəyişikliklər daha yavaş müşahidə olunur.

Tədqiqatçılar hesab edirlər ki, bu təsir III qan qrupuna sahib insanlarda sümük iliyinin daha böyük ehtiyatlara malik olması və nəticədə qan hüceyrələrinin keyfiyyətinin daha yaxşı olması ilə əlaqəli ola bilər.

Məlumata görə, I qan qrupuna (O) sahib insanlarda qocalmanın ilk əlamətləri daha erkən ortaya çıxa bilər. Bununla belə, bu qrupun nümayəndələrinin daha uzun ömür sürmək ehtimalının yüksək olduğu bildirilir.

II qan qrupu (A) olan insanların isə “adi” sürətlə qocaldığı qeyd olunur. Lakin sağlamlığa zərərli vərdişlər bu prosesi sürətləndirə bilər. I qan qrupuna sahib insanlar uzunömürlülüklə əlaqələndirilsə də, onlar qocalma əlamətlərini daha erkən hiss edə bilərlər.

IV qan qrupu (AB) isə nisbətən nadir olduğu üçün – dünya əhalisinin təxminən 8 faizində rast gəlinir – alimlər bu kontekstdə onu hələ geniş şəkildə araşdırmayıblar.

Tədqiqatçılar əlavə olaraq vurğulayırlar ki, qan qrupundan asılı olmayaraq sağlam həyat tərzi, düzgün qidalanma və müntəzəm fiziki aktivlik gəncliyin qorunmasında mühüm rol oynaya bilər.

Bu səbəbdən qan qrupu qocalma prosesinə təsir göstərə biləcək amillərdən biri kimi qiymətləndirilsə də, insanın gündəlik vərdişləri və həyat tərzi daha böyük əhəmiyyət daşıyır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.