Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə edib

05 May 2021 - 18:00

Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin verdiyi xəbərə görə, telefon danışığı zamanı Türkiyədəki mövcud epidemioloji vəziyyət daxil olmaqla koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə mövzusu müzakirə olunub.

“Rusiyanın bu istiqamətdə praktiki əməkdaşlığı möhkəmləndirməyə hazır olduğu qeyd olunub. Söhbət bu aydan başlayaraq “Sputnik V” peyvəndinin Türkiyəyə göndərilməsindən, eləcə də Türkiyədə bu vaksinin birgə istehsalının mümkünlüyündən gedir.

Ərdoğan Rusiya tərəfinə göstərdiyi yardıma görə təşəkkürünü bildirib. Hər iki tərəfin fikrincə, əks-epidemik tədbirlər vəziyyətin kardinal şəkildə yaxşılaşmasına və turizm sahəsində ikitərəfli əlaqələri bərpa etməyə nail olmağa imkan verəcək.

Aktual regional problemlərə baxılması davam etdirilib. Suriyadakı vəziyyətin sabitləşməsində Rusiya-Türkiyə əməkdaşlığının konstruktiv xarakter daşıdığı qeyd olunub.

Liviyadakı vəziyyətlə bağlı müzakirələr zamanı əsas siyasi qüvvələrin və regionların maraqlarını nəzərə alaraq ölkənin bütövlüyünü gücləndirmək üçün Milli Birlik Hökumətinin səylərini davam etdirməyə razılıq verilib.

Ağdamda yerləşən Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti və münaqişə zonasında bütün hərbi fəaliyyətlər kontekstində Dağlıq Qarabağ nizamlanması probleminə toxunulub.

Liderlər şəxsi təmasları davam etdirməyə və digər kanallar vasitəsilə müntəzəm ikitərəfli dialoqu inkişaf etdirməyə razılaşıblar”, – deyə Kremlin məlumatında qeyd olunub.