Putinin iti, Ukraynaya rədd cavabı, Qərbin günahı…-Merkel istefasından sonra ilk müsahibəsini verdi (FOTO)

Almaniyanın keçmiş kansleri Angela Merkel istefasından sonra ilk böyük müsahibəni ARD telekanalı tərəfindən yayımlanan Berlin teatrında verib.

Azpost.info xəbər verir ki, Merkel hökumətin tələbi olmadan Moskva ilə Kiyev arasındakı münaqişədə vasitəçilik etməyəcəyini, illər əvvəl Ukraynaya NATO-da olmaq şansı vermədiyini, Putin SSRİ-nin dağılmasını “XX əsrin əsas faciəsi” adlandıranda Rusiya prezidenti ilə fikirlərinin fərqinə əmin olduğunu deyib.

Merkel Almaniya rəhbərliyinin ondan tələb etmədiyi işləri görməyəcəyini, ölkənin indiki hökumətinə güvəndiyini deyib.

“Putinlə danışmaq fikrim yoxdur”

Merkel Putinlə əlaqə saxlamağı planlaşdırmadığını da bildirib. Çünki belə danışıqların heç bir fayda verməyəcəyinə əmindir. Dediyinə görə, 2007-ci ildə Rusiya prezidenti ilə görüşəndə otağa labrador Koni daxil olub. Merkelə görə, Putin onun itlərdən qorxduğunu bildiyi üçün Konini içəri buraxmışdı. Həmin vaxt Putin Merkelə SSRİ-nin dağılmasının ən böyük geosiyasi fəlakət olduğunu deyib. Məhz o zaman eks-kansler demokratiya ilə bağlı fərqli fikirlərə görə onların siyasətə baxışlarının, eləcə də ölkələrinin mövqelərinin bir-birinə yaxınlaşma ehtimalının az olduğunu başa düşüb.

“Onun anladığı yeganə dil…”

O, səlahiyyət müddətinin son bir neçə həftəsində Ukraynada hərbi əməliyyatlarla bağlı proqnozlara ciddi yanaşmağa başladığını bildirib: “Mən o zaman başa düşdüm ki, Putin üçün Minsk razılaşmaları bitib. Diplomatiya sadəcə işləmir deyə, səhv sayıla bilməz. Onun anladığı yeganə dil hərbi çəkindirmədir. Baş verənlər Rusiyanın böyük səhvidir, Avropada dinc, yanaşı yaşamağa imkan verən bütün beynəlxalq hüquq normalarını pozmaqdır”.

Merkelin dediyinə görə, 24 fevral onun üçün sürpriz olmayıb: “ABŞ kəşfiyyat agentlikləri 2021-ci ilin payızında buna bənzər bir şey barədə xəbərdarlıq etmişdilər. Əlbəttə, sonralar özümdən soruşdum – faciənin qarşısını almaq üçün daha çox iş görülə bilərdimi? Əngəl olmaq mümkün idimi? Bu sualları özümə dönə-dönə verirəm”.

“Bu münaqişənin qarşısını ala bilmədik”

Merkel Rusiyanın təcavüzkar müharibəsini birmənalı şəkildə pisləyib. Lakin əlavə edib ki, Qərb də bunun qarşısını almaq üçün lazım olan hər şeyi etməyib: “Putinin fikirlərini bölüşmürəm. Amma biz Ukraynadakı bu münaqişənin qarşısını ala biləcək təhlükəsizlik arxitekturasını yarada bilmədik. Biz də bu barədə düşünməliyik”.

Merkel Moskvanın siyasətini tənqid etsə də, bildirib ki, əvvəllər Rusiya rəhbərliyi ilə fəal əlaqələr saxladığına görə peşman deyil: “Rusiya böyük nüvə dövlətidir. Bu nəhəng ölkədir və mövcuddur. Dialoqun alınmaması, bunun nəticə verməməsi böyük faciədir. Amma cəhd etdiyim üçün özümü günahlandırmıram”.

“Bu, Putin üçün müharibə elanı idi”

Merkel 2008-ci ildə Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyünə qarşı çıxmasından da danışıb. O, Kiyevin maraqlarından çıxış edərək Ukraynanın alyansa üzvlük yolunu kəsdiyini bildirib: “O zamanlar Ukrayna oliqarxların dominantlıq etdiyi, güclü demokratiyanın olmadığı və çox bölünmüş ölkə idi. Hətta islahatçı qüvvələr (Timoşenko və Yuşşenko) arasında belə, fikir ayrılıqları var idi. Üstəlik, bütün NATO ölkələri Ukraynanı qəbul etməyə razılıq versəydi, Putin bu ölkəyə böyük ziyan vura bilərdi. Siz bir gecədə NATO-ya üzv ola bilməzsiniz. Mən əmin idim ki, Putin buna imkan verməyəcək. Bu, Putin üçün müharibə elanı idi. Mən bunların heç birini bölüşmürəm, amma onun necə düşündüyünü bilirəm”.

“Ukraynaya “yox” deyib vaxt qazandıq”

Merkelin sözlərinə görə, bu yolla onlar vaxt qazana biliblər: “Bu, vəziyyəti bir qədər sakitləşdirdi və Ukraynaya indi olduğu ölkəyə çevrilmək üçün vaxt verdi”. Keçmiş hökumət başçısı onu da deyib ki, vəzifədən öz istəyi ilə (sələfləri Helmut Kol və Gerhard Şröder kimi seçkilərdəki məğlubiyyətdən sonra deyil) getməsindən məmnundur. İndi daha çox hərəkət etməyə çalışır və nəhayət, qalın kitabları oxuyub başa çatdıra bilir: “Qışda Baltik dənizinin sahillərində dincələn zaman “Maqbet”i yenidən oxudum. Sahildə nəhayət tək qalmağı bacardım və bu, heç də darıxdırıcı deyildi. 30 il siyasətdə həmişə bir görüşdən sonra digəri başlayırdı. Amma məlum oldu ki, bu yeni həyatda da çox xoşbəxt ola bilərəm”.

Azpost.info

Əvvəlki məqalə

İstifadəyə yararlı və yararsız çimərliklər açıqlanıb

Sonrakı məqalə

Lüksemburq Rusiyanın 4,3 milyard avroluq aktivlərini dondurub