Putinlə əl verib görüşmüş baş həkim koronavirusdan sağalıb

15 Aprel 2020 - 10:39

Rusiyanın paytaxtı Moskvada yerləşən Kommunarka Tibb Mərkəzinin baş həkimi Denis Protsenko koronavirusdan sağalıb.

Bu barədə o, “Facebook” səhifəsində yazıb.

“İki mənfi nəticə. Təcrid başa çatdı, tam iş günü”, – deyə o qeyd edib. Protsenko martın 31-də koronavirus testinin pozitiv çıxdığını açıqlamış, özünü hər cür şəraiti olan iş otağında təcrid etmişdi. Orada müalicə olunmaqla yanaşı, işini distant qaydada aparır, tibbi məsləhətlər verməyə davam edirdi.

Qeyd edək ki, yoluxucu xəstələrin müalicə olunduğu Kommunarka Tibb Mərkəzində koronaviruslu xəstələr də müacilə alır. Baş həkimdə koronavirus aşkarlanmazdan bir həftə əvvəl Rusiya Prezidenti Vladimir Putin Tibb  Mərkəzinə baş çəkmiş, D. Protsenko ilə də görüşmüşdü. Bu görüşdən bir həftə sonra baş həkimdə koronavirus aşkarlanması V. Putinin də koronavirusa yoluxa biləcəyi şübhələrini ortaya çıxarmış, lakin Rusiya Prezidentinin səhhətində hər hansı problem olmadığı açıqlanmışdı.