Mühacirətdə elan edilmiş Qərbi Azərbaycan (İrəvan) Respublkasına parlament seçkiləri keçiriləcək.
Bu barədə Qərbi Azərbaycan(İrəvan) Respublikası təşəbbüs qrupunun sədri Türkiyənin Kayseri universitetinin professoru, tanınmış ermənişünas alim Qafar Çaxmaqlı deyib.
Turan agentliyinə verdiyi açıqlamada professor Qafar Çaxmaqlı deyib ki, əvvəlcə Respublikanın Milli Şurası yaradılacaq, sonra mərhələlərlə parlamentə seçkilər keçiriləcək və nəhayət, hökumət formalaşdırılacaq: “Tarix bu addımın atılmasında nə qədər haqlı olduğumuzu göstərir. Qərbi Azərbaycanda həmişə dövlətimiz də olub. Bizim dövlətimiz orada heç vaxt milli-dini ayrı-seçkiliyə yol verməyib. Azərbaycan dövlətçiliyinin varislərindən biri olan İrəvan xanlığı heç də uzaq tarix deyil”.
Onun sözlərinə görə, Rusiya İrəvanı işğal edərək oradakı dövlətçiliyimizə son qoyub: “1918-ci ildə İrəvanın müəyyən güzəştlərlə Ermənistana verilməsinə baxmayaraq, ermənilər o güzəştləri aradan qaldıraraq Zəngəzura muxtariyyət vermədikləri kimi daha sonra Qarabağı da işğal ediblər.
SSRİ-nin göstərdiyi “qayğı” nəticəsində Ermənistanın ərazisi 9 min kvadrat kilometrdən 29 min kvadrat kilometrə çıxıb. Moskvanın qəbul etdiyi qərarlardan sonra 1918-ci ildən başlayaraq 1948-53-cü illər arasında Azərbaycan mənşəli insanların Ermənistandan deportasiyası davam etdirilib, 1988-ci ildə isə bu proses tamamlanıb və bunun nəticəsində Ermənistanda 1 nəfər də olsun Azərbaycan mənşəli insan qalmayıb”.
Professor Qafar Çaxmaqlı, idarəçiliyində ziyalıların üstünlük təşkil edəcəyi Qərbi Azərbaycan (İrəvan) Respublikasının əsas məqsədinin başda İrəvan olmaqla, Zəngəbasar, Göyçə, Zəngəzur, Gümrü, Dərələyəz və bu günkü Ermənistan sərhədləri içində qalan bütün tarixi torpaqları geri almaq olduğunu vurğulayıb.
Professor Çaxmaqlı Mühacirətdəki Qərbi Azərbaycan Respublikasının Milli Şurasının bir müddətdən sonra formalaşdırılmağa başlayacağını sözlərinə əlavə edib.