Qabon XİN başçısı: “Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik”

19 İyun 2021 - 17:03

İyunun 19-da Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Qabon Respublikasının xarici işlər naziri Pakome Moubelet Boupeya ilə görüşüb.

XİN-in Mətuat Xidməti idarəsindən  verilən məlumata görə, Ceyhun Bayramov qarşı tərəfə 44 günlük Vətən Müharibəsi və müharibədən sonra mövcud olan vəziyyət ilə bağlı ətraflı məlumat verib.

O, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslərin Qabon tərəfindən dəstəklənməsinə görə təşəkkürünü ifadə edib. Həmçinin nazir təhsil sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, QH və İƏT üzv ölkələrinin tələbələrinin Azərbaycanda təhsil almaq imkanlarından bəhs edib.

Nazir Pakome Moubelet Boupeya ölkəsinin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Qarşılıqlı səfər mübadiləsinin əlaqələrin inkişafına müsbət təsir edəcəyi ifadə olunub.

Görüşdə, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.