“Qarabağda bu vəziyyətə Putinin şəxsi səyləri nəticəsində nail olunub” –

Sergey Lavrov
26 Yanvar 2021 - 16:46

“Rusiya çox illər ərzində Dağlıq Qarabağ münaqişəsinə ən yaxın diqqəti göstərib”.

Azpost.info APA-ya istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyündən biz, obyektiv baxsaq, daha çox ardıcıl şəkildə münaqişənin nizamlanmasına nail olmaq üçün müxtəlif ideyalar irəli sürmüşük. Bir neçə il bundan qabaq bizim şansımız olub. Rusiyanın təklifi əsasında digər həmsədrlərin dəstəklədiyi razılıq əldə olunub, hansı ki, bu, Ermənistan və Azərbaycan tərəfindən yüz minlərlə insan həyatını qorumağa köməklik edə bilərdi. Təəssüflər olsun ki, o zaman bu alınmadı. İndi biz yerdə real vəziyyəti görürük, hansı ki, bu vəziyyətə Rusiya Prezidentinin şəxsi vasitəçi səyləri nəticəsində nail olunub. Onun Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə çox saatlıq danışıqları ilə 9 noyabr razılaşması baş tutub. Yeri gəlmişkən, bu razılaşmada hərbi əməliyyatların dayandırılmasından əlavə, əldə olunan razılıqlar vaxtında Rusiya və digər həmsədrlər tərəfindən formalaşdırılan prinsiplərə əsaslanır. Lakin bir daha təkrar edirəm ki, vəziyyət daha çox həmin prinsiplər əsasında həyata keçdi, lakin böyük sayda insan itkisi nəticəsində başa gəldi. Yəqin ki, bu, gələcəkdə bu cür münaqişələrin iştirakçıları üçün dərs olacaq. Biz Dağlıq Qarabağdakı vəziyyətə diqqətimizi dayandırmağa hazırlaşmırıq. Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü bunun təsdiqidir. Bu görüşdə regionun iqtisadi, nəqliyyat kommunikasiyaların açılmasının mexanizmlərinin işlənib hazırlanması barədə razılığa gəlinib. Bu regionun dinc yaşaması, mehriban qonşuluq şəraitində olması, çiçəklənməsini təkcə Rusiya, Azərbaycan və Ermənistan deyil, İran, Türkiyə və Gürcüstan da hiss edib. Gürcüstanın da adını çəkirəm. Çünki o da Cənubi Qafqazın bir hissəsidir. Ümumilikdə, üç Cənubi Qafqaz ölkəsinin, üç qonşu ölkənin Rusiya, İran və Türkiyənin iştirakı ilə yeni reallığı nəzərə alaraq yeni münasibətlər qurması ilə bağlı təşəbbüslər səslənir. Reallıq ondan ibarətdir ki, müharibə yoxdur, blokadaların aradan götürülməsi ilə bağlı razılıq var. Bizim şübhəmiz yoxdur ki, İran bu layihələrə qoşulmaqda maraqlı olacaq”, – deyə Rusiya XİN başçısı vurğulayıb.