“Qarabağda xidmət bizə lazım deyil… Bütün erməni xalqında qorxu var” –

Erməni valideynlər Müdafiə Nazirliyindən nə tələb edir? (VİDEO)
26 Fevral 2021 - 18:16

Ermənistan Müdafiə Nazirliyi fevralın 24-dən 25-nə keçən gecə, saat 3 radələrində Silahlı Qüvvələrin bir qrup hərbçisini (əsgərlər) hərbi xidmət keçmək üçün gizli şəkildə Qarabağa aparmaq istəyib. Özü də tikinti materialları daşıyan yük avtomobilində.

Azpost.info-nun məlumatına görə, bu barədə hərbi jurnalist, araşdırmaçı Cəsur Məmmədovun hazırladığı xülasədə qeyd olunur.

Əsgərlər bunu hiss edərək valideynlərinə zəng ediblər və Qarabağda xidmət etmək istəmədiklərini, qorxduqlarını bildiriblər. Bunu eşidən valideynlər dərhal oraya – Müdafiə Nazirliyinin qarşısına gəliblər və övladlarını evlərinə aparıblar. Bundan sonra Müdafiə Nazirliyi həmin əsgərləri fərarilikdə ittiham edib. Buna sərt şəkildə etiraz edən valideynlər fevralın 25-də səhər tezdən Müdafiə Nazirliyinin qarşısına toplaşıblar və nazirlik rəsmilərinin baş verənlərə təcili münasibət açıqlamasını tələb ediblər. Bununla bağlı yayılmış bir videoda maraqlı məqamlar diqqəti cəlb edir (videonun linki şərhdə).

Müdafiə Nazirliyi nə istəyir və valideynlər nəyə etiraz edirlər?

Valideynlər bəzi maraqlı məqamları açıqlayıblar.

Bir qrup valideynin fikrincə, Ermənistanda qəbul edilmiş qərarlara görə, eyni zamanda noyabrın 10-da imzalanmış bəyanata görə, erməni əsgərlərinin Qarabağa göndərilməsi qadağan edilir, amma buna baxmayaraq əsgərləri Qarabağa gizli göndərmək cəhdləri var. Beləliklə, həmin qrup valideyn hesab edir ki, Ermənistan hərbçilərinin Qarabağda xidmət etmək hüququ yoxdur. “Erməni əsgərlərinin Qarabağda təhlükəsizliklərinə təminat verilmir, onların əsir düşmək ehtimalı 50/50-yədir”, – deyə valideynlərdən biri deyir. Eyni zamanda digər valideynlərin fikrincə, erməni gənclərinin Qarabağa göndərilməməsi ilə bağlı hökumətin açıq bəyanat verməsi zəruridir, indiki vəziyyətdə valideynlərdə məlumat azlığı, fikir ziddiyyəti var. “Biz bilmirik ki, övladlarımızın Qarabağa getmək hüququ var, yoxsa yox”, deyə valideynlərdən başqa birisi deyir. Onun fikrincə, nə qədər ki, rəsmi, açıq qərar yoxdur, Müdafiə Nazirliyi qeyri-qanuni əməllərlə məşğul olmaqda davam edəcək. Valideynlər aşkar bildirirlər ki, onların torpağı Ermənistandır, Qarabağla bağlı vəziyyət isə artıq “fərqlidir”. “Qarabağda xidmət bizə lazım deyil, orada sakitlik yoxdur. Bizə lazımdır ki, övladlarımız sağlam qalsınlar və Ermənistanda xidmət etsinlər”,- deyə valideynlərdən biri deyir.

Valideynlər övladlarının “tikinti materialları” kimi gizli şəkildə Qarabağa göndərilməsinə qarşıdırlar. Onların fikrincı, bu, əsgərlərə qarşı hörmətsizlikdir. Erməni əsgərlərinin harada xidmət edəcəyi barədə ailələrinə hər hansı məlumat verilməməsi valideynlər tərəfindən qanunsuzluq kimi qiymətləndirilir.

Valideynlər aşağıdakı arqumentləri irəli sürürlər:

– Müharibədə iştirak etmiş erməni əsgərlərində güclü stress, əsəb problemləri yaranıb. “Bizim uşaqlar bir də həmin yerlərə gedə bilməzlər, qorxurlar”, – deyə valideyn bildirir;

– əgər erməni gəncləri Qarabağa keçsələr, Azərbaycan əsgərləri onları əsir götürəcəklər. Baxmayaraq ki, Laçında rus sülhməramlıları var, Azərbaycan hərbçiləri də həmin ərazilərdədir və onlar erməni əsgərlərini əsir götürəndən sonra onlara müxtəlif formada işgəncə verəcəklər;

– Müharibə dövründə komandirlər əsgərlərə qarşı hədsiz laqeyd olub, onların təhlükəsizliklərini qoruya bilməyiblər, yaralı əsgərlərin müalicəsini təşkil edə bilməyiblər;

– Qarabağda hazırda “hərbi xidmət”də olan erməni əsgərlər yarım ildən çoxdur ki, məzuniyyət ala bilmirlər.

Maraqlı məlumat: Valideynlərdən biri deyir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri Qarabağa göndəriləcək əsgərlərə mülki geyim geyməyi məsləhət görüb ki, Azərbaycan əsgərlərinin nəzərindən qaça bilsinlər. “Amma onlar əsgərdirlər axı, nəyə görə mülki paltar geyinməlidirlər?! Nə üçün onlar başqa paltar geyinməlidirlər? Azərbaycanlılar onsuz da onları sərhədi keçməyə qoymayacaqlar, sonra bizim əsgərləri cinayətkar kimi əsir götürüləcəklər”, – deyə valideyn bildirib.

Valideynlər o fikirdədirlər ki, Ermənistana peşəkar ordu lazımdır, çağırışçı ordu ilə nəsə etmək mümkün olmayacaq. Digər valideynin fikrincə, hazırda Ermənistana sülh lazımdır. “Biz uşaqlarımızı niyə doğmuşuq? Ona görə doğmuşuq ki, bu gün getmək lazım olmayan yerdə ölsünlar? Bizə sülh lazımdır ki, uşaqlarımız sağlam qalsın. 2000, 2001, 2002-ci il təvəllüdlü uşaqlar demək olar ki, qalmayıb. O qədər uşaq ölüb ki, bilinmir hardadırlar, yerləri bilinmir”, – deyə valideyn bildirib.

“Ermənistanda hərbi xidmətlə bağlı heç vaxt problem olmayıb. Biz bilirik ki, əgər oğlan övladı doğulubsa, deməli iki il hərbi xidmət keçməlidir. Amma 27 sentyabrdan sonra bütün erməni xalqında qorxu var. Heç kim bilmirdi ki, belə bir vəziyyət olacaq. Qoy bizim övladlar xidmət etsinlər. Amma elə bir orduda ki, biz onları xidmətdən sonra qarşılaya, qucaqlaya bilək. Uşaqlarımız sağlam olmalıdırlar”, – deyə başqa bir valideyn bildirib.