Azərbaycan Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində İran generalının Bağdadda öldürülməsinə Azərbaycanda reaksiyalar və Azərbaycanın dövlətçilik ideologiyasından danışıb.
Azpost.info müsahibəni oxucularına təqdim edir:
Amerikanın Səsi: İran generalı Qasım Süleymaninin Bağdadda ödürülməsi Azərbaycanda müzakirələrə səbəb olub. Bəzi ictimai xadimlər, hətta müxalifətə yaxın təşkilatlar Qasım Süleymaninin, İranın müdafiəsi ilə bağlı bəyanatlarla çıxış ediblər. Siz necə düşünürsünüz?
İsa Qəmbər: Bu hadisənin Azərbaycanda geniş müzakirə edilməsinə təəccüblənmirəm. Çünki Azərbaycan xalqı ümumiyyətlə dünyada gedən proseslərlə, xüsusilə bölgədə gedən proseslərlə maraqlanan, mövqe bildirən bir xalqdır. İnsanlarımız bu məsələlərdə fəaldır. O ki, qaldı nəyə görə belə bir mövqe bildirilib? Mən hesab edirəm ki, bu, daha çox İslam təəssübkeşliyi ilə bağlı bir yanaşmadır. Siyasilərə qalanda, təəssüf ki, bəzi siyasilər məsələyə popilizm nöqteyi-nəzərindən yanaşırlar. İslam təəssübkeşliyi ilə bağlı insanların rəğbətini, dəstəyini qazanmağa, yaxud qorunmağa meyl göstərirlər. Ona görə, belə mövqelər bildirirlər. Ancaq məsələyə mahiyyəti üzrə baxdıqda Qasım Süleymani xeyirə, ədalətə, sülhə xidmət edən bir şəxs olmayıb. O, İranın teokratik rejiminin bir döyüşçüsü idi. Bu rejimin maraqlarına uyğun fəaliyyətdə iştirak edib. Bu rejimin də maraqları, təəssüf ki, nə sülhə, nə ədalətə xidmət etməyib. Hətta İran xalqının öz maraqlarına da xidmət etməyib. Rejimin öz maraqlarına xidmət edib. Bu rejimin nə bölgəyə, nə İran xalqına müsbət bir şey verəcəyi mümkün deyil. Artıq bu rejimin mövcudiyyatından 40 il keçir. Eyni zamanda bu rejim İranda yaşayan bizim on milyonlarla qardaşlarımızın, soydaşlarımızın taleyinə çox mənfi münasibət sərgiləyib. Ona görə, hesab edirəm ki, Azərbaycan siyasətçiləri məsələyə bu maraqlardan, ümumbəşəri duyğulardan, maraqlardan və Azərbaycan xalqımızımn maraqlarından mövqe bildirməlidirlər.
Amerikanın Səsi: Azərbaycan müstəqil dövlətdir və hələ Xalq Cümhuriyyəti dövründə özünün idarəetmə ideologiyasını qəbul edib. Sizcə Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin yaratdığı ideoloji sistemə əməl edilirmi?
İsa Qəmbər: Məhəmməd Əmin Rəsulzadənin yaratdığı və qoyub getdiyi yol, siyasi cərəyan, ideologiya müsavatçılıqdır. O elə bir ideyadır ki, bu ideyanın alternativi yoxdur. Əslinə qalsa dünya ideologiyasında da dəyərlərdən fərqli bir yol mümkün deyil. Azərbaycan üçün də fərqli bir yol mümkün deyil. Təəssüf ki, Azərbaycan hakimiyyəti, müsavatçılığa çox qısqanclıqla yanaşır. Ona görə də, bu dəyərlərin bərqərar olunmasına çox qısqanclıqla yanaşır və bu dəyərlərin bərqərar olmasına imkan vermir. Baxmayaraq, bizim hakimiyyət dönəmindən bayrağımız, gerbimiz, himnimiz qəbul olunub. Bir çox başqa dəyərlərin önəmi xalq tərəfindən qəbul olunub. Amma hakimiyyətdə əyləşənlər bu məsələyə çox qısqanclıqla yanaşır. Bu dəyərlərin bərqərar olunmasına imkan vermirlər. Çünki bu dəyərlərin bərqərar olunması hakimiyyətin korrupsiya maraqlarına tamamilə ziddir. Bu məsələ hakimiyyətin Azərbaycan xalqına xidmət etməsi təlabatına ziddir. Ona görə də bu ideologiyanı qəbul etmirlər. Amma bunun alternativi yoxdur. Gec-tez xalqın istəyi, iradəsi ilə Azərbaycanda müsavatçılıq həlledici bir xətt kimi qəbul olunacaq və o dəyərlər də bərqərar olacaq.
Amerikanın Səsi: İranda baş verən son olaylar İran Azərbaycanında millli-mədəni hərəkatın genişlənməsinə təkan verə bilərmi? Sizcə böyük mənada Azərbaycan xalqı hansı ideoloji sistemə istinad etməlidir?
İsa Qəmbər: Hazırkı mərhələdə İranda gedən proseslər də göstərir ki, bir qədər əvvəl mənim də dediyim kimi, bu teokratik, molla rejimi İran xalqlarına da xidmət eləmir. İran xalqı bunun əleyhinə çıxır. Bu, son vaxtlar gedən aksiyalar, etiraz tədbirləri, xüsusən gənclərin fəallığı məncə İran xalqının əksəriyyətinin mövqeyini ifadə edir. İranda yaşayan 10 milyonlarla soydaşlarımız bu məsələlərə bir qədər səbrli, təmkinli yanaşmağa üstünlük verir. Çünki dəfələrlə olub ki, İrandakı hakimiyyət dəyişiklikləri, rejim dəyişiklikləri nə demokratiyaya gətirib çıxarmayıb, nə də İranda yaşayan xalqların maraqlarına, onların tələbatlarına uyğun qərarlar qəbul etməyib. Ona görə də soydaşlarımız bu məsələyə səbrlə, təmkinlə yanaşmağa üstünlük verirlər. Ancaq mən əminəm ki, İranın taleyi məhz soydaşlarımızın mövqeyini ortaya qoymasından keçəcək. O ki, qaldı hansı xətti seçmək lazımdır. Mən hesab edirəm ki, İran özü bir demokratikləşmə mərhələsindən keçməlidir. Həmin mərhələdə bütövlükdə İran əhalisinin də maraqları, eyni zamanda İranda yaşayan müxtəlif xalqların da maraqları və bizi ilk növbədə maraqlandıran, soydaşlarımızın da maraqları hesab edirəm ki, yer tutacaq. Biz dünyadan dəstək istəməməliyik. Biz dünyada haqqa, ədalətə, düzgün yolla gedənlərə dəstək verməliyik. Dəstəyimizi, öz mövqeyimizi təqdim etməliyik ki, dünyada gedən düzgün istiqamətin iştirakçısı olaq. Bu dediklərim əslinə qalsa İrana da aiddir, Azərbaycana da aiddir və öz xalqının, vətəndaşının, insanının xoşbəxtliyini istəyən bütün ölkələrə aiddir.