Qazi Denis Quzlayevlə Milli Qəhrəman Yuri Kovalyovun qızının toyudur –Mənzil verildi (FOTO)

Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova evlənir.

Cütlüyün toyu bu gün keçirilir.

Ailə həyatı quran Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyovaya mənzil təqdim olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov paylaşım edib.

“Onların şad günlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gənc ailəyə yeni mənzil təqdim edildi. Xoş günlər yaşasınlar!”, – o qeyd edib.

Onların münasibəti Vətən müharibəsindən sonra –  Denis yaralanıb xəstəxanada müalicə alarkən başlayıb.

Qeyd edək ki, Denis Quzlayev 1999-cu ildə Bakıda anadan olub. O, müharibədən öncə paytaxtda fəaliyyət göstərən restoranların birində aşpaz işləyib. Səfərbərliklə döyüşlərə qatılan qazi düşmənin atdığı mərmilər nəticəsində üzündən ağır yaralanıb. Milliyətcə rus olan Denis müharibə zamanı aldığı xəsarətə görə bir neçə çətin əməliyyat keçirib, hətta 10 gün komada qalıb.

Denis Quzlayev “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, Reginanın atası, Milli Qəhrəman Yuri Kovalyov da Göyçayda rus ailəsində anadan olub. O, 1991-ci ildə Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduğu avtomobilin ermənilər tərəfindən atəşə tutulması nəticəsində şəhid olub. Bakının Şəhidlər xiyabanında dəfn olunub. Paytaxtda 229 saylı məktəb onun adını daşıyır.

Əvvəlki məqalə

ABŞ Ukraynaya əlavə 1 milyard dollar dəyərində silahlar göndərir

Sonrakı məqalə

SOCAR-ın Türkiyədə fəaliyyət imkanları müzakirə olunub