“QƏLBİ VƏTƏNLƏ DÖYÜNƏNLƏR” –Şəhid İbrahim Lələyevə həsr olunmuş xatirə gecəsi

İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində 44 günlük Vətən Müharibəsində Vətənin müdafiəsinə könüllü olaraq qatılaraq şəhidlik zirvəsinə ucalmış Masallı rayon Lələyev İbrahim Həzrətqulu oğlunun əziz xatirəsinə həsr olunmuş “Qəlbi Vətənlə döyünənlər” adlı xatirə gecəsi keçirilib.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xatirə gecəsində şəhid İbrahim Lələyevin atası Həzrətqulu Lələyev, qardaşı İsmayıl Lələyev, bacıları Əsmər və Gülnar, əmisi Mehdi Lələyev, əmisi Ələmdar Lələyev, bibiləri Zinnət və Nahidə Lələyeva, əmisi oğlanları İlqar Lələyev və Mərhəmət Lələyev, Masallı rayon Hişkədərə kənd sakinləri, şəhid ailələri, qazilər, ziyalılar, jurnalistlər, mədəniyyət və incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə şəhidin əmisi Mehdi Lələyev geniş çıxış edərək İbrahimlə bağlı xatirələrini bölüşüb. O, İbrahimin uşaqlıq və gənclik illərindən, ailəsinə, doğmalarına və Vətəninə olan sevgisindən danışıb. Mehdi Lələyev qeyd edib ki, İbrahim Vətən sevgisini əməli ilə göstərən, torpağına bağlı və vətənpərvər gənc olub. Vətən müharibəsi başlayan zaman onun könüllü olaraq Vətənin müdafiəsinə yollanması bunun bariz nümunəsidir.

Mehdi Lələyev çıxışında onu da bildirib ki, İbrahimin şəhid olması ailəsi üçün böyük və əvəzolunmaz itkidir. Bununla yanaşı, onun Vətən uğrunda canından keçməsi ailəsi və doğmaları, eləcə də doğulduğu Hişkədərə kəndi üçün böyük qürur mənbəyidir. O, şəhidin adının daim yaşadılmasının və onun qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artistləri Ağadadaş Ağayev və Gülyaz Məmmədova səhnəyə çıxaraq şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildirib Vətənə və şəhidlərə həsr olunmuş ifalar səsləndiriblər. Bununla yanaşı, müğənnilər Mirələm Mirələmov, Tərlan Mustafayev, Zaur Quluzadə və digər gənc müğənnilər də səhnədə çıxış edərək şəhidlərin ruhuna həsr olunmuş musiqi nömrələri təqdim ediblər.

Tədbirdə Azərbaycan Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin sədri, şəhid anası Xatirə Cəfərova da çıxış edib. Xatirə Cəfərova şəhid İbrahim Lələyevin atasına Azərbaycan Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin adından Fəxri Fərman təqdim edib. Daha sonra X.Cəfərova gənc müğənni Zaur Quluzadəni də vətənpərvər mövqeyinə və şəhid tədbirlərində fəal iştirakına görə Fəxri Fərmanla mükafatlandırıb.

Tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev, Z/M Media Xəbər Agentliyinin təsisçisi və baş redaktoru, gənc müğənni Zaur Quluzadə də iştirak ediblər.

Xatirə gecəsində yazıçı-publisist, AYB üzvü Nurəddin Ədiloğlu, jurnalist-publisist, AYB üzvü Nəzirməmməd Zöhrablı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov, aktyor, rejissor Elçin Məmiyev də çıxış edərək şəhid İbrahim Lələyevin əziz xatirəsi və ümumiyyətlə şəhidliyin fəlsəfəsi barədə fikirlərini bölüşüblər, şairə Turanə Şamaxılı və başqaları şəhidlərimizə həsr etdikləri şeirlərini səsləndiriblər.

Tədbirin sonunda şəhidin əmisi oğlu, “Cənubunsəsi” xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev çıxış edərək tədbirin keçirilməsində əməyi olanlara, həmçinin İ.Əbilov adına Mədəniyyət Mərkəzinin rəhbərliyinə və kollektivinə, tədbirdə iştirak edən şəhid ailələrinə, qazilərə, qohumlara, Hişkədərə kənd sakinlərinə, ziyalılara, sənət adamlarına və bütün qonaqlara ayrı-ayrılıqda təşəkkür etdi.

Tədbir İ.Əbilov adına Mədəniyyət Mərkəzinin kollektivinin hazırladığı xüsusi bədii kompozisiya ilə başa çatdı.

Azpost.info

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.