QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

07 May 2021 - 15:24

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.

Agentlikdən verilən xəbərə görə, iclasda çıxış edən Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev bütün üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Azay Quliyev müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü bir neçə gün sonra xalqımızın və dövlətimizin qeyd edəcəyini bildirərək ulu öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb: “İlk dəfədir ki, xalqımız ulu öndər Heydər Əliyevin doğum gününü torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyümüzün bərpa olunduğu bir şəraitdə qeyd edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ümummilli liderimizin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı, o cümlədən hamımız üçün müqəddəs olan Şuşa şəhərini işğaldan azad etməklə adını tarixə qızıl hərflərlə yazdırdı”.

İclasda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və planlarının, Agentliyin fəaliyyətinə dair daxili qaydaların (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) hazırlanması, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının 7.2, 7.3-cü bəndlərində Nazirlər Kabineti tərəfindən təsdiqi nəzərdə tutulan sənəd layihələrinə təkliflər, Agentliyin strukturu, işçilərin say həddi və işçilərin vəzifə maaşları layihəsi, loqotipinin (emblemi) hazırlanması, Müşahidə Şurasının üzvlərinin əlaqələndirəcəyi fəaliyyət istiqamətləri haqqında məsələlər müzakirə edilərəkyekdilliklə təsdiq olunub.

İclasda Müşahidə Şurasının 5 İşçi Qrupu yaradılıb.

Sonda Müşahidə Şurası üzvlərinin ayda bir dəfə keçirəcəyi qəbul günlərinin qrafiki müəyyənləşdirilib.