QMİ sədrinin “Qarabağ tribunası” –Şeyxin beynəlxalq təşkilatlarda rəhbər postu nə fayda verir?

Dünyanın mürəkkəb siyasi problemləri bu gün ən müxtəlif beynəlxalq paltformalarda müzakirə olunur. Bu qurumlar mövqe savaşları, dost müdafiəsi, düşmən hucumlarına cavab üçün mühüm yerdir.

44 günlük qalibiyyətli müharibədən sonra bütün dünyada qalib dövlət kimi tanınan Azərbaycanın beynəlxalq platformalarda mövqeyi ən yüksək səviyyədə etiraf olunub, ölkəmiz regionda geopolitik şərtləri diqtə edən, öz siyasi maraqlarını uğurla təmin edən dövlət statusuna yüksəlib. Yeni dövrün şərtləri Bakının beynəlxalq qurumlarda təmsilçiliyinin prioritetlərini möhkəmləndirib: Qələbə Azərbaycanı dünya üçün yeni geosiyasi faktor kimi mühüm iqtisadi layihələrin vacib tranzit qovşağına çevirib, regionun mədəni –milli-dini  tolerantlığının qarantı statusuna yüksəldib.

BMT-nin nufuzlu üzv-dövləti olaraq Azərbaycan ilk gündən bu mötəbər tribunadan dünya və region üçün sülhü dəstəkləyib, işğalı pisləyib, buna qarşı mübarizə üçün effektli vasitələri tələb edib. ATƏT platformasında dövlətlər arasında siyasi əməkdaşlığı, İƏT platformasında müsəlman həmrəyliyini ardıcıl müdafiə edib.

Prezident İlham Əliyevin bu prioritetləri beynəlxalq təşkilatlarla çalışan bütün ictimai xadimlər, diplomatlar, deputatlar və digər ictimai-siyasi işdə olanlar üçün əsas mesaj sayılır.

Bu baxımdan müxtəlif mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın multkultural həyatı mötəbər beynəlxalq qurumların daim diqqət mərkəzindədir.  3 səmavi dinin nümayəndələrinin yaşadığı ölkəmizdə hər gün məsciddən azan səsi yüksəlir, kilsə zəngləri ibadətə çağırır, sinaqoqlarda vətən üçün dua edirlər. Azərbaycan bütün dünya üçün Allahın ən ümdə istəyi olan insanların qardaşcasına yaşamaq istəyinin unikal nümunəsinə çevrilib. İnancı dini təfriqə üçün silah kimi istifadə edən siyasi təxribatçıların, “xaos krallarının” dünyanı qana buladırdığı bir zamanda Azərbaycanın “sabitlik adası”na çevrilməsi məsuliyyətli idarəetmənin, düzgün siyasətin və ölkənin minillik ənənəsinin nəticəsidir.

Dövlət başçısı Fransanın “France 24” televiziya kanalına müsahibəsində Azərbaycanı dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkə olduğunu bəyan etmişdi. “Bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunub. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir”-deyə Dövlət başçısı vurğulamışdı.

Ötən ilin dekabrın sonlarında ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası (BDAK) dünyada dini vəziyyətlə bağlı hesabatında Azərbaycanı “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil etməyib.

İlham Əliyevin yürütdüyü bu uğurlu siyasətin əsas faktorlardan biri olaraq Qafqaz Müsəlmanları İdarəsinin və onun sədri Şeyxülislam Allahşükür Paşazadənin də unikal rolu var. Aparılan siyasətin beynəlxalq platformada təbliği üçün QMİ sədrinin söz sahibi olduğu qurumlar mühüm yer tutur.

QMİ sədrinin rəhbərliyində təmsil olunduğu nufuzlu təşkilatların xitabət kürsüsü daim Azərbaycanın haqq səsinin ucaldığı tribuna olub. Belə mötəbər qurumları ölkəmizin təbliği üçün gözəl imkan saymaq olar.

A.Paşazadə BMT-nin egidası altında olan qurumların keçirdiyi toplantılarının fəal iştirakçısıdır. Dünyanın ən məşhur din xadimlərinin yer aldığı bu tədbirlərdə hər zaman ölkəmizin mövqeyini ifadə edib. Bu günlərdə BMT Sivilizasiyalar Alyansının keçirdiyi “Beynəlxalq İnsan Qardaşlığı Günü: Gələcəyə Bir Yol” adlı xüsusi tədbirə dəvət olunan QMİ sədri orada çıxış edərək BMT qurumlarının dini təşkilatlarla birgə dinlərarası harmoniya və xoşməramlılıq mesajlarını dəstəklədi.

Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi müddətində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini işğaldan azad etdiyini deyən Şeyxülislam bu dövrdə problemin sülh yolu ilə ədalətli nizamlanması məsələsini diqqətdə saxladığına görə BMT Sivilizasiyalar Alyansının yüksək nümayəndəsi Moratinosa minnətdarlığını bildirdi.

Azərbaycan ICESCO-nun fəxrli üzvüdür. Nufuzlu beynəlxalq təşkilat olan ICESCO 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu.

Bu günlərdə Bakıya səfər edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə Azərbaycan xalqını böyük Qələbə münasibətilə təbrik etdi. Baş direktor Azərbaycana dəstəklərini göstərmək üçün gəldiklərini bəyan etdi.

Onun sözlərinə görə, Azərbaycan multikultural dəyərləri ilə bütün dünyada tanınır. “Buraya səfərimizlə sizə dəstəyimizi və bizim üçün necə dəyərli olduğunuzu göstərmək istəyirik”-deyə Baş direktor vurğulayıb.

A.Paşazadə dünyanın dini liderlərinin yer aldığı KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini liderdir. Ötən ay KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin iclasında iştirak edən QMİ sədri  dini rəhbərləri dəyərlər ətrafında cəm olaraq ümumbəşər səciyyəli problemləri birgə müzakirə etməyə çağıırıb.

QMİ sədri Qafqaz Xalqları Ali Dini Şurasının sədridir. Şeyxülislamın Şimali Qafqaz kimi son dərəcə mürəkkəb regionda belə postun sahibinə çevrilməsi Azərbaycana olan etimadın və dəstəyin bir ifadəsidir.

Şeyxülislamın tutduğu MDB –nin müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri postu da postsovet məkanında yaşayan müsəlman ölkələri arasında əməkdaşlıq platformasının yaradılmasında mühüm rol oynayır.

Bu sırada müsəlman ölkələrinin üzv olduğu nufuzlu İslam Əməkdaşlıq Təşkilatının mövqeyi ilk gündən seçildi.

Hərbi əməliyyatların getdiyi müddət ərzində İƏT üzvü olan ölkələrin dini rəhbərləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərərək dəstəklərini ifadə etdilər. Noyabrın 28-də “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qəbul olunan qətnamədə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərinin əhəmiyyətli hissəsini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı üzv ölkələr tərəfindən alqışlandı.

A.Paşazadə Ümumdünya Sülh Şurası, UNESCO yanında Din Xadimlərinin Yüksək Səviyyəli Məşvərət qrupunun üzvüdür, dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır.

Azərbaycanda iki dəfə keçirilmiş “Dünya dini liderlərinin II Bakı sammiti”nin qətnamələri də beynəlxalq təşkilatların sənədlərinin hazırlanmasında xüsusi yer tutur.

QMİ sədrinin Vətən Müharibəsi, Dağlıq Qarabağda vəziyyətlə bağlı dünyanın din xadimlərinə, beynəlxalq təşkilatlara ünvanladığı məktubuna verilən cavablar bu dəstəyin miqyasını göstərən bir indikator oldu. BMT Baş katibindən, İslam Əməkdaşlıq Təşkilatından, beynəlxalq təşkilatlardan gələn reaksiyalar Ermənistandan fərqli olaraq Azərbaycanın haqlı mübarizəsinə dəstəyin bariz nümunəsi idi.

Belə nufuzlu qurumlarda söz sahibi olmaq hər bir ölkə üçün bir avantaj sayılır. Azərbaycan bu gün BMT, ATƏT, MDB, UNESKO, İSESKO,İƏT və digər mötəbər təşkilatlarda özünün tutduğu ədalətli, prinsipial mövqeyi ilə seçilir. Dövlət maraqlarının ardıcıl müdafiəçisi kimi çıxış edən Prezident İlham Əliyevin geopolitik tarazlığı təmin edən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada öz yerini günü-gündən möhkəmlədir.

Əfqan Əsədbəyli

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sumqayıtın mərkəzi küçələrindən birinə Polad Həşimovun adı verilib –

Sonrakı məqalə

Azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələləri müzakirə edilib