Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanın mədəni risinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində Qusar rayonunda tədbir təşkil olunub. Qusar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında keçirilən tədbirdə Qusar şəhərindən və kəndlərindən olan 48 nəfər yeniyetmə və gənc müəllim 8 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.
Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Azərbaycanımızın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında təbliği, yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin, komandada işləmək, qərarvermə bacarıqlarının, məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə dəstək vermək, onların asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdir.
Rəsmi hissədə çıxış edən Qusar rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rixard Qədimov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun əməkdaşı İldırım Zeynalov, Qusar şəhər 1 nömrəli tam orta ümuməhsil məktəbinin direktoru Arif Xəlilov bu kimi tədbirlərin yeniyetmə və gənclər arasında təşkil olunmasının onlarda vətənə bağlılıq hislərinin yüksəlməsinə, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişaf etdirilməsinə müsbət təsir etdiyini bildiriblər.
Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını “Yüksəliş” komandası qazanıb. “Şahdağ” və “Zirvə” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutaraq final mərhələsində oynamaq hüququ əldə ediblər.
Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal və diplomlarla təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanın mədəni risinin yeniyetmə və gənclər arasında təbliği” adlı layihə çərçivəsində Şabran rayonunda, eləcə də Quba rayonunun 3 kənd zonasında seçim turları keçiriləcəkdir.










