Çeçenistan başçısı Ramzan Kadırov kürəkəni, kənd təsərrüfatı naziri və baş nazirin müavini Visxan Matsuyevi muxtar bölgənin ən böyük mükafatı – Axmat Kadırovun adına təsis edilmiş “Kadırov ordeni” ilə təltif edib.
Azpost.info bildirir ki, Matsuyev Ramzan Kadırovun böyük qızı Ayşatın əridir. Ayşayın özü də bu ay baş nazirin müavini vəzifəsinə təyin edilib.
Kadırov Visxan Matsuyevin kənd təsərrüfatı işçisi günü münasibətilə təltif olunması barədə öz teleqram kanalında yazıb: “O nazirliyə bu yaydan başçılıq edir, amma indidən pozitiv dəyişikliklər görünür. Bunu bütün sahələr üzrə artan rəqəmlər də göstərir”.
Matsuyev kənd təsərrüfatı naziri və baş nazirin müavini vəzifələrinə bu ilin iyulunda təyin edilib. Ondan əvvəl bu vəzifəni Ramzan Kadırovun bacısı oğlu İbrahim Zakriyev tuturdu.
Azadlıq Radiosunun Rus xidməti yazır ki, Matsuyevin atası Zelimxan Matsuyev Ramzan Kadırovun yaxın dostu və mühafizəçisi olub.
Ayşat Kadırova baş nazirin sosial məsələlər üzrə müavinidir. Ondan əvvəl bu vəzifəni Kadırovun ikinci qızı Xadicatın əri Adam Alxanov tuturdu. Bu vəzifəyə Ayşat təyin ediləndə ona da səhiyyə naziri vəzifəsi verilib.
Onun atası, Ramzan Kadırovun həmkəndlisi Ruslan Alxanov 18 ildir ki, Çeçenistanın daxili işlər naziridir.
Kadırov bundan başqa həm də Kurçaloy rayon polisinin rəisi Rustam Aquyevi “İgidliyinə görə” ordeni ilə təltif edib.