“MTRŞ-nın “REAL TV” ilə bağlı qərarı ilə əlaqədar çoxlu zənglər, suallar gəlir. Bəzi saytların əməkdaşları qərarı tam oxumadıqlarından və ya oxuduqlarından düzgün nəticə çıxara bilmədiklərindən bunu “REAL TV”-nin guya bağlandığı barədə yalan xəbərlər yayırlar”.
Bunu “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev “Facebook” səhifəsindəki paylaşımında deyib.
M.Ağayev MTRŞ-nın məlum qərarını xatırladaraq bildirib:
“Hazırda “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin ümum-ölkə televiziya yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilən 23 aprel 2019-cu il tarixli 197 qeydiyyat nömrəli lisenziyaya malik olduğunu, bu lisenziyanın da bütün yerüstü, kabel, peyk, İPTV operatorlarında yayımlanmaq hüququ verdiyini nəzərə alaraq, Şura “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə peyk yayımı üçün verdiyi 5 mart 2018-ci il tarixdə 186 qeydiyyat nömrəli lisenziyanın ləğv olunması haqqında qərar çıxarmışdır.
Yəni “REAL TV”-yə 23 aprel 2019-cu il tarixdə verilən lisenziya həm də peyk yayımı üçün icazədir. İki lisenziya peyk yayımı hissəsində bir-birini təkrarladığı üçün onlardan daha məhdud olanı ləğv edilib. Bu isə o deməkdir ki, “REAL TV” həm yerüstü yayımda, həm də peyk yayımında fəaliyyətini davam etdirir”.