“Bondarevin mövqeyi Rusiya rəsmiləri arasında gizli narazılığın olduğunu üzə çıxardı”.
Azpost.info xəbər verir ki, “The New York Times” Boris Bondarevin Rusiyanın BMT-dəki missiyasının müşaviri vəzifəsindən istefa verməsini belə şərh edib.
Qəzet yazır ki, rusların əksəriyyəti Bondarevin bu sərt mesajını anlamayacaq: “Dövlətin media üzərində hökmranlığı fonunda Bondarevin bu sərt mesajı çətin ki, rusların əksəriyyətinə çatsın. Lakin Kremlin yaratmağa çalışdığı milli birlik görüntüsünə baxmayaraq, onun istefası Rusiya rəsmiləri arasında narazılığın gizləndiyini göstərdi”.
“Deutsche Welle”nin yazarı Konstantin Eggert isə Boris Bondarevin tarixə düşdüyünü yazıb: “Təsdiqlənməmiş məlumata görə, fevralın sonu və ya martın əvvəlində tutduğu vəzifədən istefa verən Rusiyanın Nepaldakı səfirliyindəki kiçik diplomatı saymasaq, Boris Bondarev Putinin Ukrayna ilə müharibəsinə etiraz olaraq istefa verən ilk Rusiya Xarici İşlər Nazirliyi rəsmisidir. İndi Lavrov Rusiya Təhlükəsizlik Şurasında alçaldıcı izahatlar verməli olacaq ki, niyə onun idarəsində kadrlarla iş bu səviyyədədir. İstənilən halda Rusiyanın Cenevrədəki missiyasının təhlükəsizlik müşaviri öz çamadanını vaxtından əvvəl yığa bilər”.
Müəllif yazır ki, Boris Bondarev cəsarətli hərəkəti ilə nəinki öz taleyini qəfil dəyişdirdi. O, həm də Rusiya Xarici İşlər Nazirliyinin nüfuzu ilə bağlı ictimai hökmü imzalamış oldu.
Qeyd edək ki, B.Bondarev Ukraynadakı müharibəyə etiraz edərək BMT-dəki vəzifəsindən istefa verib. Diplomat bildirib ki, Putinin Ukraynaya qarşı apardığı təcavüzkar müharibə təkcə ukraynalılara deyil, həm də Rusiya xalqına qarşı ağır cinayətdir.
Azpost.info