Rusiya da Qara dənizdə hərbi təlimlərə başladı –

20 qırıcı təyyarə, S-400 və Pantsir raketləri cəlb olundu
29 İyun 2021 - 16:36

Rusiya ilhaq etdiyi Krımda havadan müdafiə sistemlərini sınaqdan keçirib.

Bu, Qara dənizdə Ukrayna və Birləşmiş Ştatların ev sahibliyi etdiyi çoxmillətli hərbi təlimlərlə eyni vaxtda baş verib.

“Interfax” agentliyinin iyunun 29-da yazmasına görə, Qara dəniz donanması hazırlıq testlərinə 20-dək təyyarə və vertolyot, o cümlədən Su-24M hücum təyyarəsi, S-400 və Pantsir yer-hava tipli raket sistemləri cəlb edib. Donanmanın təlimlərə qatılan NATO və digər ölkə gəmilərinin hərəkətlərinin izlənməsi üçün bir sıra tədbirlər gerçəkləşdirdiyi vurğulanır.

İyunun 28-dən başlanmış “Sea Breeze” təlimlərinə Qara dəniz ölkələri, NATO müttəfiqləri və tərəfdaşları olmaqla 32 ölkə qatılıb. Təlimlər Rusiya ilə Qərb arasında gərginliyin artdığı bir dönəmə təsadüf edir. Ötən həftə Rusiya Krım yaxınlığında üzən Britaniya hərbi gəmisinin yoluna atəş açmışdı. Britaniya isə bunu təkzib edirdi.

Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ və müttəfiqlərini Qara dənizdə hərbi təlimlər keçirməməyə çağırıb. Rusiyanın Müdafiə Nazirliyi grəkərsə milli təhlükəsizlin qorunacağını deyib.