Rusiya “Dağlıq Qarabağ Respublikası” yazılmış tender müqaviləsini rəsmi saytdan sildi –

FOTO
07 Sentyabr 2021 - 09:11

Rusiyanın satınalmalar üzrə rəsmi informasiya saytı Dağlıq Qarabağda tenderlə bağlı yerləşdirdiyi müqaviləni silib. 

Azpost.info bildirir ki, avqustun 13-də Rusiya Müdafiə Nazirliyi “Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərzisində yerləşən hərbi şəhərçiklərinin kazarma-mənzil fonduna kompleks qulluğun təşkili və aparılması xidmətlərinin göstərilməsi”nə ərizə təqdim edib.

Sifarişin dəyəri – 151 414 088 rubl qeyd edilib. Qapalı müsabiqənin keçirilməsi barədə bildiriş Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dövlət Satınalmaları Departamentinin sədr müavini Zaripov Oleq Vladimiroviç tərəfindən verilib.

Bu tender sənədində “Dağlıq Qarabağ Respublikası” sözünün yazılması qalmaqal yaradıb. Bakı buna kəskin reaksiya verib. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırıb.

Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib.