Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək sammitində iştirak etməyəcək. Bu qərar təbii ki, Rusiyanın əsəblərini tarıma çəkir. Artıq rəsmi Moskvadan Ermənistanın KTMT sammitində iştirak etməmək qərarına reaksiya verilib.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın qərarının “təəssüf doğurduğunu” bildirib və əlavə edib ki, qapılar açıqdır: “Biz inanmırıq ki, bu qərar erməni xalqının uzunmüddətli maraqlarına cavab verir və dost ölkənin təhlükəsizliyinin, sabitliyinin möhkəmlənməsinə töhfə verəcək. Eyni zamanda, biz anlayırıq ki, erməni həmkarlarımız təşkilatın nizamnamə orqanlarının işini əngəlləmək və ya artıq razılaşdırılmış sənədlərin təsdiqinə mane olmaq niyyətində deyillər”.
“Təşkilat İrəvan üçün açıq qapılar qoyur və Ermənistana gələcəkdə KTMT-nin fəaliyyətinə qoşulmağa imkan verir”, – Zaxarova vurğulayıb.
Ekspertlər bildirir ki, KTMT ilə yolları ayırmaq niyyətində olan Ermənistanın rəhbərliyini Moskva cəzalandıracaq. Analitiklərin qənaətincə, Zaxarovanın son açıqlamasında da bu sezilir.
Milli Strateji Tətqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, Moskva İrəvanı diplomatik dillə təhdid edir: “Zaxarovanın timsalında Ermənistan rəhbərliyinə xəbərdarlıq edildi ki, bu siyasətdən geri çəkilsinlər. “Qapılar açıqdır” mesajı məhz xəbərdarlıqdır. Əks halda, Ermənistan rəhbərliyi cəzalandırılacaq. Bunun heyfini Moskva erməni rəsmilərinin fiziki məhvi ilə də ala bilərlər”.
Analitik qeyd edib ki, Rusiya heç vaxt Ermənistandakı mövcud hökumətə etimad göstərməyib: “Moskva dəfələrlə Ermənistandakı Rusiyaya bağlı müxalif qüvvələri baş nazir Nikol Paşinyana qarşı etiraza qaldırıb, hakimiyyəti devirmək istəyib. Bu, 44 günlük müharibədən dərhal sonra da baş verdi, Ermənistandakı seçkilər zamanı da baş verdi. Son üç ildə İrəvanda, Ermənistanın ayrı-ayrı yerlərində etiraz aksiyaları keçirildi. Amma Moskva Paşinyanı devirə bilmədi. Səbəb isə Rusiyanın dəstəklədiyi “Qarabağ klanı” adlandırılan erməni siyasi güc mərkəzlərinə cəmiyyətin inanmamasıdır, etimad etməməsidir”.
“Rusiyaya bəlli oldu ki, kütləvi etirazlarla Paşinyanı devirmək mümkün deyil. Eyni zamanda, Moskvadakılar anlayırlar ki, Paşinyanı dəstəkləyən Qərb milyonlarla pul vəsaitini elə-belə xərcləməyiblər. Qərb dairələri milyonlarla vəsaiti Ermənistana axıtmaqla erməni cəmiyyətində anti-Rusiya əhvalını elə qaldırıblar ki, bu gün Paşinyana qarşı kütləvi etirazları təmin etmək mümkün deyil. Ona görə də, hesab edirəm ki, Rusiya Ermənistanı, Ermənistan hakimiyyətini cəzalandırmaq üçün “B” variantına əl atacaq”, – deyə Mərkəz rəhbəri fikrinə davam edib.
Politoloq düşünür ki, erməni hakimiyyətini cəzalandırmaq üçün daha spesifik, Rusiyaya xas olan üsula əl atacaq: “Birinci üsul hərbi çevrilişdir. Güman ki, Rusiya Ermənistanda hərbi çevrilişlə hakimiyyət dəyişikliyinə nail olmağa çalışacaq. Burada bir detal da önəmlidir: bu gün Fransa, ABŞ dairələrində guya Azərbaycanın Ermənistana hücum edəcəyi fikirləri ortaya atılır. Bu “təhlükə” səbəbindən də Ermənistana silah-sursat verilir, Avropa Birliyinin mülki müşahidə missiyası adı altında Ermənistana yerləşdirilmiş avropalı hərbçilərin sayı artırılır. Hesab edirəm ki, bu addımların bir səbəbi də Paşinyana qarşı hərbi çevrilişin qarşısını almaqdır. Rusiyanın ikinci üsulu isə Paşinyana qarşı sui-qəsd törətmək, onu aradan götürmək ola bilər. Nəzərə almaq lazımdır ki, Ermənistanda siyasətçilərə qarşı bu üsuldan əvvəllər də istifadə edilib”.
Anar ABDULLA
Azpost.info