“Rusiya ilə sərhəddə Vladislav Pozdnyakov adlı şəxs saxlanılmayıb” –

DSX-dan AÇIQLAMA
03 Sentyabr 2021 - 14:33

Rusiya vətəndaşı Vladislav Pozdnyakovun Azərbaycan-Rusiya dövlət sərhədində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılması barədə məlumatlar əsassızdır.

Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, Azərbaycan-Rusiya dövlət sərhədində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Vladislav Pozdnyakov adlı şəxs saxlanılmayıb.

Qeyd edək ki, bu gün Rusiyanın bəzi mətbuat orqanlarında bu ölkədə qeydiyyatdan keçməmiş “Kişi dövləti” millətçi hərəkatının lideri Vladislav Pozdnyakovun Rusiya-Azərbaycan sərhədində saxlanması barədə məlumat yayıb.

V. Pozdnyakovun Telegram kanalının administratorlarından biri bildirib ki, liderləri Azərbaycan sərhədini keçərkən saxlanılıb.

Məlumatda bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional Sərhəd İdarəsinin mətbuat xidmətindən V. Pozdnyakovun Dağıstan sərhədçiləri tərəfindən saxlanılmadığı deyilib.

Mətbuat xidmətindən əlavə ediblər ki, ola bilsin, V. Pozdnyakov Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.